Respublika stadionunda təhvil-təslim işlərinə başlanılıb
Tofiq Bəhramov adına Respublika Stadionunun direktoru Akif İsmayılov istefa verib.

O, direktorun öz ərizəsinə əsasən vəzifəsini tərk etdiyini bildirib: "Akif müəllim bizə dedi ki, Gənclər və İdman Nazirliyinə ərizə ilə müraciət edib və istefası qəbul olunub. Həmçinin, heç kimdən incik getmədiyini və hər zaman kömək etməyə hazır olduğunu bildirdi. Dedi ki, bir neçə günlük istirahətdən sonra yeni işə başlayacaq".

Hələlik arenaya yeni direktor təyin olunmayıb. R.Zeynalov bu vəzifənin müvəqqəti icrasının stadionun mühəndisi İlqar Babayevə həvalə edildiyini söyləyib.

Avqustun 26-da "Qarabağ" və Şotlandiya "Seltik"i arasında keçirilmiş Avropa Liqasının "pley-off" mərhələsinin cavab oyunu zamanı ot örtüyünün vəziyyəti qənaətbəxş olmayıb. Buna görə də A.İsmayılov və ot örtüyünə cavabdeh olan FSM şirkəti ilə əməkdaşlığa son qoyulduğu bildirilir. R.Zeynalov FSM-lə müqavilənin uzadılmadığını təsdiqləsə də, direktorun istefa səbəbindən məlumatsız olduğunu dilə gətirib. O, hazırda ot örtüyünün stadion əməkdaşları və arenanın icarədarı "Qarabağ" klubunun birgə əməyi ilə qaydasına salındığını açıqlayıb: "Ot örtüyü hazırda yaxşı vəziyyətdədir. Bir neçə günə uzanan otları biçəcəyik və oktyabrın 1-də "Qarabağ"ın Belçika "Anderlext"i ilə keçirəcəyi Avropa Liqasının II tur matçına stadionumuz tam hazır olacaq".

Qeyd edək ki, Akif İsmayılov respublika stadionunun direktoru vəzifəsində 16 ilədək çalışıb. O, 1999-cu il sentyabrın 3-də Azərbaycan və Portuqaliya milliləri arasında keçirilmiş AVRO-2000-nin seçmə qrup matçının fasiləsində arenanın işıqlarının sönməsindən sonra iistefaya göndərilmiş Oğuzun hazırkı icra başçısı Eyvaz Babayevi əvəzləyib.

"Report"

Xəbər 580 dəfə oxundu.