23 ildə 30-cu dəfə
"Qəbələ"nin Premyer Liqadakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb.

"Qırmızı-qaralar" 15 matçdan sonra meydanı xalsız tərk edib. Azərbaycan Premyer Liqasının 4-cü turunun "İnter"lə qarşılaşmasında 1:2 hesabı ilə uduzan Roman Qriqorçukun yetirmələri sonuncu dəfə ötən mövsüm, fevralın 15-də məğlub olmuşdu. Həmin vaxt öz meydanında "Neftçi"yə 1:3 hesabı ilə yenilən qəbələlilər 209 gündən sonra xalsız qalıb. Bu müddətdə "Qəbələ" 12 qələbə qazanıb, 3 heç-heçə etmişdi.

Klub tarixinin rekordunu təkrarlaya bilməyən əyalət komandası 2011-ci ildə imza atdığı 16 oyunluq seriyanın 1 addımlığında uduzub.

Ümumiyyətlə isə ölkə çempionatlarının 23 illik tarixində 30-cu dəfə bir komanda 15 və daha çox matçda uduzmayıb. İkinci dəfə buna nail olan "Qəbələ"dən başqa, "Neftçi" 6, "Xəzər Lənkəran" 4, "Şəmkir"lə "İnter" hərəyə 3, "Bakı", "Karvan", "Kəpəz", "Qarabağ" və "Turan" 2, AZAL-la "Xəzri" 1 dəfə 15 və ya daha çox matçdan ibarət seriyaya imza atıb.

Xəbər 704 dəfə oxundu.