CEV Natalya Məmmədovaya borclu olan klubu cəzalandırdı
Avropa Voleybol Konfederasiyası (CEV) Azərbaycan millisinin sabiq voleybolçusu Natalya Məmmədovanın şikayəti ilə bağlı qərarını açıqlayıb. 2014-cü ilin yayında “Omiçka”nı İsveçrə “Volero”suna dəyişən hücumçuya olan borcunu ödəmədiyi üçün CEV Omsk təmsilçisini cəzalandırıb.

Belə ki, Məmmədovaya 28 min avroya yaxın borcu olan şimal qonşularımız qeyri-müəyyən vaxta qədər legioner transferindən məhrum olublar. Sentyabrın 10-da CEV sanksiya ilə bağlı “Omiçka”ya rəsmi məktub da ünvanlayıb. Komanda növbəti cəzalarla üzləşməmək üçün 3 həftə ərzində hücumçunun borcunu qaytarmalıdı.

Qeyd edək ki, CEV-in Mübahisələrin Həlli Palatası FİVB-in tribunalı və Lozanna İdman Məhkəməsinin qərarlarını əsas gətirərək, Omsk klubunu borcunu ödəməyə təhkim edib. Bu məbləğ klubun Natalyaya olan borcu, həmçinin ödənilməyən pula görə bir il ərzində hesablanan faizin cəmidi.

Xəbər 668 dəfə oxundu.