İDMAN İLİ yaddaqalan olacaq
Yanvarın 27-də Gənclər və İdman Nazirliyində Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq Sərəncamı ilə 2012-ci ilin ölkəmizdə “İdman ili” elan edilməsinə həsr olunmuş tədbir keçirilib.

Gənclər və idman naziri Azad Rəhimov tədbir iştirakçılarını təbrik edərək bildirib ki, Azərbaycan Prezidentinin məlum sərəncamı onun bədən tərbiyəsi və idmana qayğısının daha bir nümunəsidir.

Azərbaycan doğurdan da son illər əsl idman ölkəsinə çevrilib. İdmançılarımız, həmişə olduğu kimi, 2011-ci ili də uğurla başa vurublar. Ötən il müxtəlif beynəlxalq yarışlarda qazanılmış 705 medalın 270-i qızıl, 193-ü gümüş, 242-si isə bürünc əyarlıdır. Olimpiya idman növləri üzrə qazanılan medalların sayı 276-dır. Bu rəqəmlər əlbəttə, bizi sevindirir.

İdmanın inkişafı və bədən tərbiyəsinin kütləviliyini təmin etmək üçün respublikamızda son 11 ildə 33 yeni olimpiya-idman kompleksi istifadəyə verilib. Hazırda 11 belə kompleksin tikintisi davam edir ki, onların da 2012-2013-cü illərdə idmançıların ixtiyarına verilməsi nəzərdə tutulub. Hazırda paytaxtımızda bədii gimnastika və boks mərkəzləri, hovuz kompleksi, olimpiya stadionunun inşası davam edir. Bu il həm də, güləş və cüdo mərkəzlərinin təməlqoyma mərasimləri keçiriləcək.

Nazir Azad Rəhimov qeyd edib ki, 2012-ci ilin ölkəmizdə “İdman ili” elan olunması çox əlamətdar hadisədir. Çünki Bakı şəhəri 2020-ci il Yay Olimpiya Oyunlarına iddialı şəhər kimi çıxış edib və hazırda bu istiqamətdə müəyyən işlər həyata keçirilir. Azərbaycan Avropada ilk dəfə olaraq futbol üzrə 17 yaşadək qızlardan ibarət dünya çempionatına ev sahibliyi edəcək. Bundan əlavə, paytaxtımızda Avropa və dünya çempionatları, dünya kuboku və digər beynəlxalq miqyaslı yarışlar təşkil olunacaq. Respublikamızda cari ildə karate üzrə Avropa çempionatı keçiriləcək. Nazir həmçinin bildirdi ki, bu il həmçinin ölkəmizin ən qocaman idman nəşri olan “İdman” qəzetinin 80 illik yubileyi də bu ilə təsadüf edir.

Ölkəmizdə idmana göstərilən dövlət qayğısından danışan nazir, idmanla məşğul olanların sayının ildən-ilə artdığını vurğulayıb.
Nazir bildirib ki, hazırda idman təşkilatları və federasiyaların təklifləri nəzərə alınmaqla, “İdman ili” ilə bağlı tədbirlər planı hazırlanır.

Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə ölkəmizdə idmanın yüksələn sürətlə inkişaf etdiyini, idmançılarımızın beynəlxalq yarışlarda uğurlar qazandıqlarını və cari ildə MOK-un yaradılmasının 20 ilinin tamam olacağını diqqətə çatdırıb. “İdman” ilində idmana münasibətin dəyişəcəyinə və sahibkarların bu sahəyə münasibətdə fəal olacağına ümid etdiyini bildirən Ç.Hüseynzadə, Gənclər və İdman Nazirliyinin tərkibində idman studiyasının yaradılması təklifi ilə çıxış edib.

MOK-un baş katibi Ağacan Abıyev Azərbaycanda idmana göstərilən diqqət və qayğıdan danışıb. O, cari ildə ölkəmizdə “İdman ili” çərçivəsində ölkəmizdə idman mövzusunda beynəlxalq elmi konfrans keçirilməsi təklifini irəli sürüb.

Tədbirdə çıxış edənlərdən Olimpiya çempionları Namiq Abdullayev, Zemfira Meftəhəddinova, Fərid Mansurov, Azərbaycan İdman Veteranları İttifaqının sədri Yaşar Məmmədov, Azərbaycan Uşu Federasiyasının prezidenti Azər Həsənsoy, Unversal Döyüş Federasiyasının prezidenti Azər Həsənov, “Təhsil”Respublika İdman Mərkəzinin direktoru Cəfər Hümbətov, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyasının prezidenti Nadir Əliyev “İdman” ili münasibətilə idman ictimaiyyətimizi təbrik edib, öz təkliflərini bildiriblər.

Xəbər 2127 dəfə oxundu.