“Qarabağ”la oyundan əvvəl Mason problemi
“Tottenhem” UEFA Avropa Liqasının qrup mərhələsində “Qarabağ”la oyuna itki ilə çıxa bilər. London klubunun əsas heyət üzvlərindən olan Rayan Mason zədələnib.

İngiltərə çempionatının V turu çərçivəsində dünən “Sanderlend”lə matçda 82-ci dəqiqədə komandasının qələbə qolunu vuran Mason 3 dəqiqə sonra zədə alaraq, meydanı erkən tərk etməli olub.

24 yaşlı yarımmüdafiəçinin “Qarabağ”a qarşı oynayıb-oynamayacağına tibbi müayinədən sonra aydınlıq gələcək. Bununla bağlı danışan “Tottenhem”in baş məşqçisi Maurisio Poçettino Masonun zədələnməsinin planlarını korlaya biləcəyini deyib: “Mason “Sanderlend”lə oyunda yaxşı qol vuraraq, bizə qələbə qazandırdı. Çox təəssüf ki, sonra ayağına zərbə vurdular və bu səbəbdən zədələndi. Mason bizim üçün vacib oyunçudu. Onun vəziyyəti tibbi müayinədən keçdikdən sonra bəlli olacaq”.

Qeyd edək ki, “Tottenhem” – “Qarabağ” görüşü sentyabrın 17-də keçiriləcək.

Xəbər 775 dəfə oxundu.