“Məmmədov Dünya Kubokunda zəif rəqib olmadığını əvvəlcədən bilirdi” - Fabiano Karuana
Bu gün Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda 1/32 final mərhələsinə start veriləcək. Bu mərhələdə azərbaycanlı şahmatçı Rauf Məmmədov ABŞ-ı təmsil edən italyan əsilli Fabiano Karuanayla üz-üzə gələcək.

Karuana Dünya Kubokunun mətbuat xidmətinə açıqlamasında yarışla və rəqibiylə bağlı danışıb: “Azərbaycanda əvvəllərdə olmuşam. Apreldə Şəmkirdə keçirilən turnirdə böyük həvəslə iştirak etdim. İndi isə paytaxt Bakıda Dünya Kubokunda mübarizə aparmaqdan məmnunam. Təşkilatçılıqdan razıyam. Xüsusilə turnirin keçirildiyi oteli qeyd etməliyəm. Fairmont çox gözəl dizayna malikdi. Dünya Kubokuna gəlincə, ilk mərhələdə asan qələbə qazandım. Tunis idmançısı Amir Zaibiylə oynamaq çətin olmadı. Bununla belə çətin görüşlərin irəlidə olduğunu bilirəm”.

Karuana 1/32 finalda rəqibi olacaq azərbaycanlı şahmatçı Rauf Məmmədov haqda bunları deyib: “Favorit göstərilməyim düz olmaz. Dünya Kubokunda favorit yoxdu. Reytinq çox şeyi həll etmir. Digər tərəfdən Rauf Dünya Kubokunda zəif rəqib olmadığını əvvəlcədən bilirdi. Mənim yerimə başqa reytinqli şahmatçıyla üz-üzə gələ bilərdi. Turnirin reqlamenti belədi ki, ikinci mərhələdən etibarən güclü şahmatçılarla oynamalısan. Məmmədovla iki dəfə müxtəlif turnirlərdə mübarizə aparmışıq. 2012-ci ildə ilk dəfə rəqib olmuşuq. Bu ilin aprelində isə Şəmkirdə oynamışıq. Yaxşı şahmatçıdı. Ona görə hər ikimiz üçün çətin olacaq”.

Dünyanın 5-ci şahmatçısı olan Karuana yüksək reytinqinə görə dünya çempionluğuna iddiaçıların turnirinə vəsiqə qazanacaq. Bununla belə o Dünya Kubokunda da uğur qazanmaq niyyətindədi: “Reqlamentə əsasən Dünya Kubokunda finalçılar iddiaçılar turnirinə vəsiqə əldə edəcək. Sözsüz yüksək reytinqimə görə iddiaçılar turnirində təmsil olunacağım dəqiqdi. Amma Bakıda da qələbə qazanmaq istəyirəm. İştirak etdiyim hər turnirdə qalib gəlmək xoşdu. Mümkün qədər irəli getmək və Dünya Kubokunda yaxşı nəticə qazanmaq arzusundayam”.

Xəbər 635 dəfə oxundu.