“Qəbələ” Avroliqanın qrup mərhələsində layiqli çıxış edəcək”
“Qəbələ”nin səviyyəsi çox yüksəkdi. Orda Roman Qriqorçuk kimi məşqçi çalışır”. Bu sözləri Ukraynanın “Çernomorets” klubunun futbolçusu Oleq Dançenko deyib.

Ölkəsinin mətbuatına danışan 21 yaşlı yarımmüdafiəçi “Qəbələ” haqda müsbət fikirlər səsləndirib. O, bu yaxınlarda Odessada “qırmızı-qaralar”la keçirdikləri yoxlama matçını yada salaraq, Azərbaycan təmsilçisinin Avroliqanın qrup mərhələsində uğurlu çıxış edəcəyinə inandığını bildirib: “Fasilə müddətində “Qəbələ” kimi komanda ilə qarşılaşmaq imkanı yarandı. Bu oyunda komandanın gənc futbolçuları yaxşı təcrübə qazandılar və gördük ki, rəqiblə mübarizə aparmaq gücündəyik. Düzdü, problemlər də özünü göstərdi. Bizə də elə bu lazım idi ki, gənc futbolçular çatışmazlıqları bilsinlər və bunları aradan qaldırmağa çalışsınlar. “Qəbələ”nin beynəlxalq səviyyəli komanda olduğu hiss olunurdu. Təbii ki, Roman Qriqorçukun komandasının səviyyəsi çox yüksəkdi. Onun rəhbərliyi altında “Qəbələ” həmişə yaxşı çıxış edəcək. “Qəbələ” Avroliqanın qrup mərhələsində də layiqli çıxış etmək gücündədi və bunu isbatlayacaq”.

Qeyd edək ki, Dançenko 2012-ci ildən “Çernomorets”in formasını geyinir. O, Odessa klubunda Qriqorçukun rəhbərliyi altında da oynayıb.

Xəbər 641 dəfə oxundu.