AHİK qalibləri mükafatlandırıb
Azərbaycan Həmkarlar İttifaqfı Konfederasiyasının (AHİK) akt zalında orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında təşkil edilmiş X Respublika Spartakiadasının mükafatlandırma mərasimi keçirilib. İdman.com.az saytı xəbər verir ki, toplantını giriş sözü ilə açan AHİK-in sədri, millət vəkili Səttar Mehbalıyev Azərbaycanda dövlət tərəfindən idmana göstərilən diqqət və qayğının nəticəsi olaraq bu sahənin yüksək sürətlə inkişaf etdiyini bildirib.

O, kütləvi tədbirlərdən olan spartakiadanın ənənəvi olaraq hər il keçirildiyini və bu yarışlarda tələbələrin yüksək fəallıq nümayiş etdirdiklərini qeyd edib. Sonra çıxış edən «Gənclik» TİC-in sədri Tofiq Xanəliyev spartakiada barədə məlumat verərək, yarışların orta ixtisas təhsili müəssisələri arasında 6 idman növü üzrə bu ilin oktyabrından dekabr ayına qədər keçirildiyini və ümumilikdə yarışlarda 656 nəfərin iştirak etdiyini bildirib.

Sonra spartakiadanın nəticələrinə görə birinci, ikinci və üçüncü yerləri tutan idmançılara kubok, diplom və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, X Spartakiadada ümumi komanda hesabında Bakı 2 saylı Baza Tibb Məktəbi qalib olub. İkinci və üçüncü yerləri müvafiq olaraq, Bakı Biznes Kooperasiya Kolleci və Bakı Rabitə və Nəqliyyat Kollecinin komandası tutub.

Xəbər 1321 dəfə oxundu.