Vladislav Qədirov: İlk “altılığ”a düşmək üçün sona qədər döyüşəcəyik - MÜSAHİBƏ
“Rəvan” klubunun baş məşqçisi Vladislav Qədirovun qol.az-a müsahibəsi verib. Həmkarımızla söhbətdə, o, komandanın indiki vəziyyəti və gələcək planlarından danışıb. İdman.com.az saytı müsahibənin maraqlı məqamlarını diqqətinizə çatdırır:

- Komandanızın hazırlıq prosesi necə gedir?
- Məşqlərimizi Şüvəlan Olimpiya Kompleksinin stadionunda davam etdiririk. Artıq bir yoldaşlıq görüşündə qüvvəmizi sınamışıq. Rəqibimiz birinci divizion təmsilçisi “Muğan” klubu idi. Bu gün də AzAL-la yoldaşlıq oyununda qarşılaşacağıq.

- Hazırda turnir cədvəlinin 8-ci pilləsində qərarlaşmısınız. “Rəvan”ın ilk “altılığ”a düşmək şanslarını necə dəyərləndirirsiniz?
- Qarşıdakı 4 oyunda komandam ilk “altılığ”a düşmək üçün sona qədər döyüşəcək. Bunun üçün hər oyuna çox ciddi yanaşmalıyıq. Əsas məqsədimiz “Rəvan”ı mükafatçılar sırasına çıxarmaqdır. Bunun öhdəsindən gələcəyimizə inanıram.

- “Altılıq” oyunlarına qədər sizi 4 gərgin oyun gözləyir...
- Fasilədən sonra ilk oyunumuz uzun müddət məğlubiyyət acısı yaşamayan “İnter” ə qarşı olacaq. Startda belə güclü rəqibə qarşı oynamaq bizə bir qədər çətinlik yarada bilər. Ancaq istənilən halda “Rəvan” meydana yalnız qələbə qazanmaq üçün çıxacaq.

- “Rəvan”da baxışda olan futbolçu Nemanya Vidakoviç haqda nə düşünürsünüz?
- Bu hücumçu haqda hələ tam qərar verməmişik. Baxmayaraq ki, “Muğan”la oyunda özünü yaxşı tərəfdən göstərərək, 3 qola imza atıb. Unutmaq lazım deyil ki, “Muğan” birinci dəstə təmsilçisidir. Salyan təmsilçisi “Rəvan” üçün zəif komanda sayılır. Ona görə də onun vurduğu 3 qolu məqbul hesab etmək olmaz.

- Onunla bağlı qəti qərar nə zaman veriləcək?
- Bu gün ilk “altılığ”a düşmək uğrunda mübarizə aparan AzAL komandası ilə yoldaşlıq oyunu keçirəcəyik. Həmin qarşılaşmada Nemanya Vidakoviçə oynamaq şansı verərək, onun nəyə qadir olduğunu görəcəyəm. Doğrudur, sürətli və meydanda qaçan futbolçudur. Buna baxmayaraq, onun barəsində yekun qərar AzAL-la oyundan sonra veriləcək.

- Bir müddət öncə komandaya gətirilən fiziki hazırlıq üzrə çex mütəxəssis Aleş Pitan haqda nə deyərdiniz?
- Aleş Pitanın çox səviyyəli bir məşqçi olduğunu deyə bilərəm. Vaxtilə Avropanın tanınmış klublarından biri olan Çex Respublikasının “Sparta” klubunda çalışıb. Böyük təcrübəyə malik olan Pitan fiziki hazırlıq üzrə məşqçidir. Azərbaycanda onun kimi mütəxəssislər çox azdı. Onun komandamıza faydalı olacağını düşünürəm. Özü də “Rəvan”ın məşqçisi olmağından çox məmnun olduğunu söyləyir. Pitanın komandaya gətirilməsini mənimlə bərabər rəhbərlik də müsbət qarşıladı.

- Davud Kəriminin “Rəvan”dan gedişindən sonra yəqin ki, yeni qolkiper transfer edəcəksiniz...
- Artıq AzAL klubunun qapıçısı Amil Ağacanov ilə ilkin razılığa gəlmişik. Yaxın günlərdə onunla müqavilə bağlayacağıq.

- “Rəvan”ın əsas futbolçularından biri hesab edilən Reis Klaudineinin komandanın düşərgəsinə qoşulması niyə gecikir?
- Klaudineinin viza problemi yaranıb. Futbolçu ilə tez-tez əlaqə saxlayırıq. Yaxın günlərdə braziliyalının komandaya qoşulacağı gözlənilir.

Xəbər 968 dəfə oxundu.