Şahmatçımız Rauf Məmmədov da dünya kubokunda növbəti mərhələyə vəsiqə qazanıb
Bakıda keçirilən şahmat üzrə dünya kubokunda Azərbaycanın daha bir təmsilçisi – Rauf Məmmədov da növbəti mərhələyə vəsiqə qazanıb. Şahmatçımız Rusiya təmsilçisi, Avropa çempionu Yevgeni Nayeri (1:0, 0,5:0,5) mübarizədən kənarlaşdırıb.

Partiyadan sonra keçirilən mətbuat konfransında oyunu şərh edən R.Məmmədov deyib: “Bu gün çox maraqlı oyun izlədik. Səhər gedişləri müzakirə edərkən partiyanı necə oynayacağımı düşünürdüm. Rəqib məğlub olduğundan qələbə onun üçün vacib idi. Nayer heç bir sürpriz göstərmədi. Əvvəllər üç dəfə dünya kubokunda ilk mərhələdə mübarizəni dayandırmışdım. Uğursuz seriyaya son qoymaq yaxşı oldu”.

Növbəti mərhələdə R.Məmmədovun rəqibi ABŞ təmsilçisi Fabiano Karuana olacaq. F.Karuana kimi şahmatçıya qarşı oynamağın çox maraqlı olduğunu vurğulayan R.Məmmədov deyib: “F.Karuana çox güclü rəqibdir. Şəmkirdə ona qarşı mübarizə aparmışam. Tay-brek barədə düşünmürəm. Karuanaya qarşı klassik oyunlara hazırlaşmalıyam. Çətin və maraqlı qarşılaşma olacaq”.

Xəbər 636 dəfə oxundu.