Azərbaycan gimnastı Marina Durunda Rio Olimpiadasına vəsiqə qazanıb
Almaniyanın Ştutqart şəhərində keçirilən bədii gimnastika üzrə dünya çempionatında Azərbaycan yığmasının üzvü Marina Durunda hərəkətlər proqramında heç bir itkiyə yol vermədən 12 dəfə çıxış edib. Gimnastımızın çempionatda uğurlu çıxışı ona Rio Olimpiadasına vəsiqə qazandırıb.

İdmançımız Zeynep Celep və belə mötəbər turnirə ilk dəfə qatılan Ayşən Bayramova ilə birgə komanda yarışında dörd çıxış yerinə yetirib. A.Bayramovanın və Z.Celepin də çıxışlarında komanda liderindən geri qalmamaları Azərbaycan yığmasının ilk beşlikdə qərarlaşması ilə nəticələnib.

Təsnifat mərhələsinin nəticələrinə əsasən, M.Durunda dörd hərəkətin hər biri üzrə finala vəsiqə qazanıb. O, halqa, gürzlər və lentlə hərəkətlərlə yarışların finalında altıncı, topla hərəkətlərdə isə 7-ci olub. Gimnastımız dörd çıxışın nəticələrinə əsasən, çoxnövçülük üzrə yarışın finalında altıncı yerdə qərarlaşaraq 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunlarına lisenziya qazanıb.

Bu, beynəlxalq arenada böyük gimnastika proqramı üzrə çıxış etməyə 2013-cü ildən başlamış M.Durundanın ilk Olimpiya lisenziyasıdır. “Bakı-2015” birinci Avropa Oyunlarının gümüş medalçısı, 2015-ci il Avropa çempionatının bürünc mükafatçısı olan gənc gimnast ilin əsas yarışında - dünya çempionatında da layiqli mübarizə aparıb. Onun həm təsnifat, həm də final mərhələlərindəki çıxışları özünəinam, zəriflik, hərəkətlərin qüsursuzluğu və sabitliyi ilə diqqəti cəlb edib.

Xəbər 703 dəfə oxundu.