Şahmat üzrə Dünya Kubokunda birinci dövrənin cavab oyunları başlanıb
Start oyunlarında Azərbaycanı təmsil edən altı qrossmeysterdən üçü qalib gəlib.

Bu günlərdə Bakıda keçirilən Dünya Kubokunun 1/64 final mərhələsinin birinci oyunlarında Azərbaycan şahmatçıları demək olar ki, ağ fiqurlarla oynayırdı.

Şəhriyar Məmmədyarov iranlı İdani Puyyaya, Qədir Hüseynov rusiyalı qrossmeyster Maksim Matlakova, Rauf Məmmədov isə Rusiyanın digər nümayəndəsi Yevgeni Nayerə qalib gəlib. Teymur Rəcəbov – Samuel Sevian (ABŞ), Eltac Səfərli – Çaba Baloq (Macarıstan), Le Kuanq Liyem (Vyetnam) – Vasif Durarbəyli görüşləri heç-heçə başa çatıb.

Bu gün Bakı vaxtı ilə saat 15:00-da Dünya Kubokunun birinci dövrəsinin cavab oyunlarına start verilib. 1/64 final mərhələsində hər bir iştirakçı öz rəqibi ilə iki görüş keçirəcək. Bu oyunlarda klassik vaxt nəzarəti tətbiq ediləcək.

Bu gün ikinci partiyalarda Azərbaycan qrossmeysterlərinin rəqibləri dəyişməyib: İdani Puyya (İran) – Şəhriyar Məmmədyarov (birinci partiyadan sonra hesab 0:1-dir), Samuel Sevian (ABŞ) – Teymur Rəcəbov (0,5:0,5), Yevgeni Nayer (Rusiya) – Rauf Məmmədov (0:1), Çaba Baloq (Macarıstan) – Eltac Səfərli (0,5:0,5), Maksim Matlakov (Rusiya) – Qədir Hüseynov (0:1), Vasif Durarbəyli – Le Kuanq Lyem (Vyetnam) (0,5:0,5).

Qeyd edək ki, antiçiter mübarizəsi çərçivəsində bəzi partiyaların rəsmi saytda translyasiyası 15 dəqiqə gecikəcək. Oyunçuların özləri ilə saat və qələm götürməsi məsləhət deyil. Hər bir iştirakçı zaldan çıxarkən onu yoxlaya bilərlər, partiya başa çatandan sonra isə hakimlər bəzi oyunçuları seçmə üsulla yoxlaya bilərlər. Zala girişdə metal detektorları qoyulub.

Şahmat üzrə Dünya Kuboku Bakıdakı “Fairmont” otelində keçirilir. Turnirdə 128 şahmatçı iştirak edir. İki nəfər finalçı isə iddiaçıların turnirinə vəsiqə alacaq.

Turnir nokaut-sistem üzrə keçiriləcək, yəni bütün oyunçular 1/64 final mərhələsindən başlayırlar. Həlledici mərhələdən başqa, hər cütlüyün “döyüşü” iki partiyadan ibarətdir. Finalda isə dörd partiya oynanacaq.

Dünya Kubokunun ümumi mükafat fondu 1.600.000 dollar təşkil edir. Qalib 96.000 dollar, finalçı 64.000 dollar alacaq.

Hər tur, sentyabrın 11-dən başlayaraq, üç gün davam edəcək. Sentyabrın 26-sı və 30-u istirahət günləri olacaq. Final oktyabrın 1-dən 5-dək keçəcək.

Xəbər 678 dəfə oxundu.