Böyükağa Hacıyev: Finala çıxmağı arzu edirik - MÜSAHİBƏ
“Neftçi” klubunun baş məşqçisi Böyükağa Hacıyev, Türkiyənin Antalya şəhərində Çeçenistan Respublikasının ilk prezidenti Əhməd Qədirovun xatirəsinə həsr olunmuş beynəlxalq futbol turnirinin püşkatmasından öncə azerisport.az saytının suallarını cavablandırıb. İdman.com.az saytının məlumatına görə, təcrübəli mütəxəssis həmkarımızla söhbətdə, rəqiblərdən çəkinmədiyini deyib:

- İndi “Neftçi”nin rəqibləri müəyyənləşəcək. Kimlərlə oynamağı istərdiniz?
- Fərqi yoxdur. Bu turnirdə özümüzə rəqib seçə bilmərik. “Metallist”, “Volın” və “Terek” kimi komandalara qarşı oynamaq həmişə maraqlıdır.

- Şəxsən siz bu turnirə nə dərəcədə ciddi yanaşırsız?
- Çox ciddi. Orda da Azərbaycan futbolundakı inkişafı göstərməliyik. Özü də digər klublarla müqayisədə bizdə legioner futbolçular azdı. Çalışacağıq ki, “Neftçi” ölkəmizi bu turnirdə layiqincə təmsil etsin.

- Hədəfiniz nədi?
- Əlbəttə ki, qarşımıza ən yüksək hədəfləri qoymuşuq. Finala çıxmağı arzu edirik.

- Buna qədər Antalyada üç oyun keçirmişdiniz. Keyfiyyət sizi qane edir?
- Əgər biz qarşımıza qələbə qazanmaq vəzifəsini qoysaydıq, bu hədəfimizə çatacağımıza şübhə etmirəm. Sadəcə, həmin oyunlar vaxtı biz daha çox fiziki hazırlıqlara fikir verirdik. Həmin oyunlara futbolçular yorğun çıxmışdılar. Belə olanda çatışmazlıqlar daha çox diqqət çəkir.

- Unibank Premyer Liqasındakı digər rəqiblərinizi də izləyirsiz?
- Yalnız “Bakı”nı görə bilmişəm. Onlar çoxlu transferlər edirlər. Amma unutmayın ki, futbolçunun uyğunlaşması üçün 5-6 ay lazım gəlir.

- “Neftçi” artıq yeni futbolçu almayacağını qətiləşdirib?
- Xeyr, mənə heç kim lazım deyil. “Neftçi” necə başlamışdısa, elə də davam edir.

- “Bakı”nın futbolçuları artıq indidən “Neftçi” üzərində qələbəyə kökləniblər...
- “Bakı”nın əsas problemi ondadır ki, komandadan çoxlu futbolçu gedib. Bu, klubun stilinə və büdcəsinə mənfi təsir göstərir. “Neftçi”ni məğlub etmək üçün “Bakı” gecə-gündüz məşq etməlidir. Bu, yalnız onlara yox, bütün rəqiblərimizə aiddir. Odur ki, “Xəzər Lənkəran”, “İnter” və “Bakı”ya üzümü tutub deyirəm ki, gecə-gündüz məşq edin!

- Demək istəyirsiz ki, qarşıdakı oyunlar üçün heç bir plan qurmursuz?
- İnanın ki, yox. Düşünürəm ki, hələ buna tezdir. Fevralın 10-dan sonra düşünmək olar. Çünki bir şey haqda çox düşünəndə, o arzunu həyata keçirmək çətinləşir.

- Siz, əminsiz ki, “Neftçi” çempion olacaq?
- Hər şey Tanrının əlindədir. Bizi böyük marafon gözləyir. Şadam ki, bizə ciddi yanaşırlar. Mən hələ rəqiblərimizə “Neftçi”ni dayandırmaq üçün yeni variantlar tapmağı da məsləhət görürəm. Sizə bir sirr açım: “Neftçi” yeni taktikayla oynayacaq. Onlar onu anlayıb, analiz edənə qədər, çempionat başa çatacaq. Biz öz yolumuza davam edirik.

Xəbər 1150 dəfə oxundu.