“Turan” xilas oldu
Yarandığı gündən özünə məxsus dəsti-xətti olan, Azərbaycan futboluna tövhə verən Tovuzun “Turan” klubu son zamanlar yaxşı günlərini yaşamır. Komandanın keçmişini nəzərə alan futbol ictimaiyyəti “qırmızılar”ı maliyyə sıxıntısından xilas etmək üçün yollar axtarır.

İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, bu gün “Turan” klubunun üzvləri Tovuz rayon icra başçısı Tofiq Zeynalovla görüşüblər. Komandanın prezidenti Musa Süleymanovun maddi problemlərlə bağlı açıqlamalarından sonra, komandanı himayədarlığa götürən Zeynalov toplantıda öz müvafiq göstərişlərini verib. Bununla “Turan”a qeyri-rəsmi də olsa yeni prezident və baş məşqçi təyin olunub. Belə ki, icra başçısı kluba nəzarəti Tovuz rayon gənclər və idman idarəsinin rəisi Sahib Ələsgərova tapşırıb.

Unibank Premyer Liqa təmsilçilərindən hələ ki hazırlığa başlamayan yeganə klub məhz “Turan”dır ki, son pillənin sahibi bu gün doğma məkanda yığışacaq. Komanda sabiq baş məşqçisi Rasim Əliyevin rəhbərliyi altında bir araya gələcək. Tovuzlu gənc çalışdırıcı 2008/09 mövsümünün gedişində də komandanın “sükanı arxası”na gətirilərək, Premyer Liqada qalmaq vəzifəsini yerinə yetirə bilmişdi. Zeynalov məhz Əliyevə etimad göstərməyi “Turan”da son yarım ildə 2-ci baş məşqçi dəyişikliyinin reallaşmağı deməkdir. Yəni Bakıda olan baş məşqçi Əsgər Abdullayevin Tovuza dəvət edilməməyi onun istefaya göndərilməyi anlamına gəlir. Abdullayevin köməkçisi olan Eltay Aslanov işini davam etdirəcək.

Məlum olduğu kimi, Tovuz təmsilçisinin xeyli borcu var. Bundan əlavə, klubun qaz, işıq, telefon, internetinin kəsilməyi ilə də bağlı problem yaranmışdı. İcra başçısının işə müdaxiləsi ilə bu problem dərhal aradan qaldırılıb. Zeynalov komandanın dərhal hazırlığa başlamağını, Premyer Liqada qalmağını, Tovuzda futbolun yaşamağını qarşıya vəzifə qoyub.

Xəbər 1144 dəfə oxundu.