Parataekvondo millimizin baş məşqçisi: Məqsədimiz paralimpiya oyunlarına lisenziya qazanmaq üçün reytinq xallarını artırmaqdır
Sentyabrın 17-də Türkiyədə parataekvondo üzrə dünya çempionatı və bir həftə sonra isə Rusiyanın Soçi şəhərində Dünya oyunları keçiriləcək. Biz bu yarışlara çox ciddi önəm veririk. Dünya çempionatında parataekvondo üzrə Azərbaycan milli komandasından 10, Dünya oyunlarında isə 6 idmançı iştirak edəcək.

Bu sözləri parataekvondo üzrə milli komandamızın baş məşqçisi, Əməkdar məşqçi Əvəz Tağıyev yığmanın taekvondo üzrə gələcək yarışlara hazırlığı ilə bağlı məlumat verərkən deyib.

Məşqçi qeyd edib ki, bu yarışlarda idmançılara 2020-ci ildə Tokioda keçiriləcək paralimpiya oyunlarına lisenziya qazanmaq üçün xallar yığmaq imkanı veriləcək. Dünya çempionatı “G8” kateqoriyalı olduğu üçün yarışın qalibinin reytinq hesabına 80 xal əlavə olunacaq. İkinci yerin sahiblərinə isə turnirdə 40 xal veriləcək.

Sentyabrın 26-da Soçi şəhərində başlayacaq Dünya oyunları isə “G4” kateqoriyalı yarış olacaq. Dünya oyunları çərçivəsində sentyabrın 30-dan oktyabrın 2-dək keçiriləcək parataekvondo yarışlarında idmançılarımızın reytinq siyahısında hesablarındakı xalları artırmaq üçün yaxşı imkanları olacaq.

Bildirilib ki, idmançılarımız hər iki yarışa ciddi hazırlaşırlar. Yarışlara hazırlaşmaq üçün Azərbaycanın parataekvondo üzrə milli komandasının sentyabrın 2-dən etibarən başladığı təlim-məşq toplanışları sentyabrın 12-dək davam edəcək.

Xəbər 704 dəfə oxundu.