“Bunu bacaracağımıza ümid edirəm”
“Atalar 3-dən deyib. Ardıcıl 3-cü dəfə qatılacağımız Avropa çempionatının final mərhələsində uğur qazanacağımıza ümid edirəm. Məncə finala qədər irəliləmək, medallar uğrunda mübarizə aparmaq iqtidarındayıq”. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, bu sözü futzal üzrə Serbiya yığmasının hücumçusu Mladen Koşiç deyib.

O, yanvarın 31-də start götürəcək Avro-2012-nin final mərhələsi haqda fikirlərini açıqlayıb: “Azərbaycan yığması üzərində qələbə 1/4 finalın qapılarını üzümüzə açacaq. Bunu bacaracağımıza ümid edirəm. Biz təslim olmayıb sonadək mübarizə aparacağıq. Niyə də çempion olmayaq, qızıl medal qazanmayaq?”

Koşiç qrupdakı digər 2 komanda – Azərbaycan və Portuqaliyanı da dəyərləndirib: “Rəqiblərimizə gəlincə burada heç bir sirr yoxdur. Onlara qarşı əvvəllər də oynamışıq və güclərinə bələdik. İlk oyun isə təkcə burada və bizim üçün yox, ümumiyyətlə həmişə vacib olur. Azərbaycanla oyundan sonra isə Portuqaliyanı udmağa köklənəcəyik. Bizim buna motivasiyamız böyükdür. Ötən çempionat 1/4 finalda onlara uduzmuşduq ki, bunun əvəzini çıxmağa çalışacağıq”.

Xəbər 952 dəfə oxundu.