Milli komandamızın futbolçusu özünə klub tapa bilmir
“Bakı”nın transferə çıxardığı Fabio Luis Ramim Azərbaycanı tərk edir. İdman.com.az saytının məlumatına görə, bu haqda apasport.az-a milliləşdirilən braziliyalı yarımmüdafiəçinin özü məlumat verib. Futbolçu qış fasiləsində ölkəmizdə özünə yeni klub tapa bilmədiyini bildirib. Üstəlik, millimizə də cəlb olunan 30 yaşlı futbolçu daha bir problemi aradan qaldırmalıdır:

“Son günlərdə “Bakı”nın əvəzedici heyətində məşq edirəm ki, bu, formamı saxlamaq üçündür. Ancaq zədəm yenə özünü göstərir. Dizimdə ağrılar qalıb. Bunu aradan qaldırmağım üçün tam müalicə olunmağım lazımdır. Bu məqsədlə vətənimə yollanmaq fikrindəyəm. Klub rəhbərliyi ilə danışacağam”.

Ramim artıq gələn həftə Braziliyaya gedəcəyini söylədi: “Orada 1,5 – 2 ay qalıb, tam sağalmaq istəyirəm. Bilirəm ki, qayıtdıqdan sonra Azərbaycanda başqa kluba keçə bilməyəcəyəm. Çünki həmin vaxt “transfer pəncərəsi” bağlanacaq. Karyeramı Braziliyada yox, Azərbaycanda davam etdirmək istərdim. Ancaq təklif olmadığından, hələ ki özümə yeni komanda tapa bilməmişəm”.

Qeyd edək ki, Fabio 2005-ci ilin qışından fasiləsiz ölkəmizdə çıxış edir və çempionluq, kubok qazandığı “Bakı”ya qədər “MKT-Araz”, “Olimpik”də oynayıb.

Xəbər 1058 dəfə oxundu.