Milan Vilotiç: "Tottenhem", "Monako" və "Anderlext"i sürpriz gözləyir"
İsveçrənin "Yanq Boyz" klubunun serb müdafiəçisi Milan Vilotiç Azərbaycan çempionu "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki şanslarını dəyərləndirib. Ağdamlıların pley-off mərhələsində mübarizədən kənarlaşdırdığı (səfərdə 1:0, evdə 3:0) İsveçrə təmsilçisinin üzvü bunları söyləyib:

"Qarabağ" haqda əvvəlcə geniş məlumatlı deyildim. İlk oyunumuzdan sonra bu komandanın necə güclü heyəti olduğuna şahidlik etdim. Bakıdakı görüşdə uğur qazana bilərdik. Amma çox çətin oldu. Erkən qırmızı vərəqə və penalti bütün planlarımızı pozdu. "Qarabağ"ın qrup mərhələsinə düşməyə haqqı olduğunu düşünürəm. "Qarabağ"ın qrupdakı rəqiblərini də gördüm. "Tottenhem", "Monako" və "Anderlext" üçün asan olmayacaq. Bəli, yenə təkrar edirəm, "Qarabağ"la oynamaq rəqiblərə heç də asan olmayacaq. Həqiqətən də "Qarabağ" gözləniləndən də güclüdür. Bu üç komandaya əsl başağrısı yaradacaq. Bizə qarşı oynadıqları kimi oynasalar, hər üçünü məğlub edərlər. "Qarabağ" oyun nizam-intizamını itirmir. Bu da peşəkarlıq tələb edir. "Qarabağ"ın qrupdan çıxacağına inanıram. Bilirəm ki, "Tottenhem", "Monako" və "Anderlext"i sürpriz gözləyir".

Xəbər 758 dəfə oxundu.