Polo üzrə Avropa çempionatında Azərbaycan komandası İsveçrə seçməsini 11:6 hesabı ilə məğlub edib
Binə Atçılıq Mərkəzində arena polo üzrə birinci Avropa çempionatı davam edir.

Sentyabrın 10-da ot örtüklü açıq meydanda keçirilən çempionatın dördüncü turunda Azərbaycan milli komandası yenə də uğurla çıxış edib.

Turun ilk görüşündə Elçin Camallı, Tərlan Qurbanəliyev və Silvester Qarrosdan ibarət Azərbaycan yığması İsveçrə komandası ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüş Azərbaycan polo ustalarının 11:6 hesablı qələbəsi ilə yekunlaşıb.

Günün digər görüşündə İtaliya millisi Almaniya yığması ilə üz-üzə gələcək. Turun son oyununda isə İrlandiya poloçuları İspaniya seçməsi ilə oynayacaq.

Çempionatda 4 qələbə qazanan və məğlubiyyətlə üzləşməyən Azərbaycan komandası 8 xalla turnir cədvəlinə liderlik edir. İkinci pillədə İspaniya, üçüncü yerdə isə Almaniya komandası qərarlaşıb.

Avropa çempionatında bombardirlər siyahısına Azərbaycan seçməsinin üzvü Silvester Qarros başçılıq edir.

Altı turdan ibarət yarışda qalib komanda sentyabrın 12-də müəyyənləşəcək.

Xəbər 1310 dəfə oxundu.