Portuqaliyalı ulduz: Onların böyük oyun təcrübəsi var
Portuqaliyanın məşhur futbolçularından olan Joao Pinto futzal yığmasının düşərgəsinə baş çəkib. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, hazırda Portuqaliya Futbol Federasiyasının (PFF) direktoru olan ötənlərin veteran hücumçusu Azərbaycan futzal yığması ilə bir qrupa düşən milli komandasına dəstək verib.

Bu ölkənin futbol yığmasının üzvlərinin futzalda çıxış edən həmkarları ilə görüşə yollanmağı artıq ənənə halını alıb. Buna qədər yığmanın baş məşqçisi Paulo Bentu, kapitanı Kriştianu Ronaldo futzal yığmasına fevralın 1-də başlayacaq Avropa çempionatının final mərhələsinə hazırlıqla maraqlanaraq, uğurlar arzulamışdı.

Bir vaxtlar oynadığı futzalı yüksək qiymətləndirən, ona çətin və gərgin oyun olduğu üçün dəyər verən Pinto da yığmasına müvəffəqiyyətlər diləyib: “Bəzən Avropa çempionatında bir az bəxt də vacibdir. Yığmamızda çox yüksək səviyyəli oyunçular cəmləşib. Onların böyük oyun təcrübəsi var. Hazırda düşərgədə atmosfer çox yaxşıdır”.

PFF-in rəsmisi hesab edir ki, Avropa çempionatında hər bir oyun, xüsusilə Azərbaycanla fevralın 1-də start matçı böyük önəm kəsb edəcək: “Tənqidi olmayacağam, ilk oyun çox vacibdir. Çünki qələbə olarsa, komandada ruh yüksəkliyi yaranacaq, oyunçular sakitləşəcək və növbəti matçlara daha rahat hazırlaşıb, çıxacaqlar. Bu zaman təzyiq elə də böyük olmayacaq”.
Qeyd edək ki, Pinto millisinin heyətində yığmamıza 1999-cu ilin martında evdə 7:0 hesabı ilə qalib gəldikləri rəsmi oyunda 2 qol vurub.

Xəbər 966 dəfə oxundu.