Dmitri Nazarovun komandasında heyət tamamlandı
Azərbaycan yığmasının futbolçusu Dmitri Nazarovun formasını geyindiyi “Karlsrue” klubu tam heyətlə “Yunion Berlin”lə oyunun hazırlığına başlayıb. Almaniya mətbuatına istinadən xəbər verir ki, yığmaların düşərgələrində olan futbolçuların hamısı komandaya qayıdıblar.

Azərbaycan millisinin heyətində Avro-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiya və Malta ilə oyunlarda iştirak edən Nazarov da artıq klubunun düşərgəsindədi. Zədəli Mattias Bader də sıraya dönüb və fərdi proqram üzrə məşq edir.

Bütün futbolçuların düşərgədə olması baş məşqçi Markus Kauçzinski sevindirib. O, növbəti görüşün əsas hazırlığına indi başladıqlarını bildirib: “Bu həftə daha çox sürətli hücumun üzərində məşq edəcəyik. Komanda yaxşı vəziyyətdədi. Bir neçə gün idi ki, tam heyətlə məşq edə bilmirdik. Artıq yığma üzvləri geri dönüblər və heç bir problem qalmayıb”.

Qeyd edək ki, “Karlsrue” “Yunion Berlin”lə şənbə günü qarşılaşacaq.

Xəbər 703 dəfə oxundu.