Kirsan İlyumjinov: Şahmatçılar Azərbaycanda dünya kubokunu qazanmaq uğrunda ciddi mübarizə aparacaqlar
Sentyabrın 9-da “Fairmont” otelində Bakıda start götürəcək şahmat üzrə dünya kuboku yarışlarına həsr olunan mətbuat konfransı keçirilib.

Tədbirdə Beynəlxalq Şahmat Federasiyasının (FIDE) prezidenti Kirsan İlyumjinov, gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov, vitse-prezidentləri Mahir Məmmədov və Faiq Hüseynov iştirak ediblər.

Gənclər və idman naziri Azad Rəhimov oktyabrın 5-dək davam edəcək nüfuzlu yarışın gərgin idman mübarizəsi şəraitində keçəcəyinə və Azərbaycan şahmatçılarının gözəl oyun nümayiş etdirəcəklərinə əminliyini bildirib. Mötəbər yarışda 45 ölkədən 128 şahmatçının mübarizə aparacağını qeyd edən nazir dünya kubokunun və 2016-cı il Dünya Şahmat Olimpiadasının Bakıda keçirilməsi barədə qərarların FIDE-nin iki il əvvəl İstanbuldakı Baş Assambleyasında qəbul olunduğunu xatırladaraq deyib: “Milyonlarla şahmatsevərin izləyəcəyi dünya kuboku canlı yayımlanacaq. Yarışa ən güclülər qatılıblar. Burada eks-çempionlar Vladimir Kramnik və Veselin Topalov da iştirak edəcəklər. Dünya kubokunun qalibi Maqnus Karlsen ilə oynayacaq. Buna görə də gərgin idman mübarizəsinin şahidi olacağıq”.

Nazir, həmçinin Azərbaycanda şahmatın sürətlə inkişaf etdiyini və bunun bir çox ölkələrə nümunə olduğunu bildirib.

Azərbaycan Şahmat Federasiyasının prezidenti Elman Rüstəmov həm ölkəmizin, həm də şahmatçılarımızın bu mötəbər idman turnirinə çox ciddi hazırlaşdığını vurğulayaraq deyib: “Azərbaycan millisi ikiqat Avropa çempionudur. Turnir dostluq, tolerantlıq, əsl idman mübarizəsi şəraitində keçiriləcək. İdmançılarımız yarışa çox yaxşı hazırlaşıblar. Ümid edirik ki, onlar uğurlu nəticələr göstərəcəklər. Bu, həm də 2016-cı il Şahmat Olimpiadasından əvvəl əsas sınaqdır. Azərbaycanda dünya kuboku yarışının yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb”.

Şahmatla bağlı Dövlət Proqramının mühüm uğurların qazanılması ilə nəticələndiyini deyən E.Rüstəmov bildirib: “Dövlətimizin başçısının təsdiq etdiyi Dövlət Proqramı peşəkarlıq baxımından əla nəticə verdi. Artıq növbəti proqram haqda düşünürük. Şahmat Mərkəzi üçün də gözəl layihəmiz var və münasib yer axtarırıq”.

FIDE prezidenti Kirsan İlyumjinov şahmatsevərlərin diqqətinin Bakıda keçiriləcək dünya kubokuna yönəldiyini qeyd edib. O, sabiq dünya çempionları Veselin Topalov və Aleksandr Kramnik, eləcə də qadınlar arasında dünya çempionu Mariya Muzıçuk, sabiq dünya çempionu Hou Yifan kimi məşhur şahmatçıların bu turnirdə mübarizə aparacaqlarını vurğulayaraq deyib: “Bu yarış iddiaçılar turnirinə vəsiqə qazandırır. Dünya çempionluğu uğrunda matç isə gələn ilin oktyabrında ABŞ-da keçiriləcək. Şahmatçılar Azərbaycanda dünya kubokunu qazanmaq uğrunda ciddi mübarizə aparacaqlar”.

Dünya kubokunun ümumi mükafat fondu 1,6 milyon dollardır. Qalib şahmatçı 120 min dollar məbləğində mükafata sahib olacaq.

Bu mötəbər turnirdə Azərbaycanı Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Vasif Durarbəyli təmsil edəcəklər.

Xəbər 769 dəfə oxundu.