Dörd yığma "Avro-2016"nın final mərhələsində
Dünən keçirilən 9 oyunla "Avro-2016"nın seçmə mərhələsində 8-ci tura yekun vurulub.

Bu oyunlardan sonra Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan 4 komandanın adı bəlli olub.

Bunlar A qrupunda İslandiya və Çexiya, E qrupunda İngiltərə və G qrupunda Avstriya yığmalarıdır. Hər 4 komanda sona iki tur qalmış Fransada keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqəni təmin edib.

Digər 15 komandanın kimliyinə seçmə mərhələnin növbəti iki turundan sonra aydınlıq gələcək. Bu 15 komandadan 14-ü seçmə mərhələni 1-2 pillələrdə başa vuracaq yığmalar olacaq. Digər 1 komanda isə ən yaxşı qrup üçüncüsü kimi Avropa çempionatının final mərhələsində oynamaq hüququ əldə edəcək. Avropa çempionatının final mərhələsinin son 4 iştirakçısı noyabr ayında keçiriləcək pley-off oyunlarından sonra müəyyənləşəcək.

Qeyd edək ki, gələn il Fransa keçiriləcək Avropa çempionatının final mərhələsində ilk dəfə olaraq 24 komanda iştirak edəcək.

Xatırladaq ki, Fransa turnirin ev sahibi olduğu üçün bu ölkənin yığması seçmə mərhələnin oyunlarından azaddır. Didye Deşamın komandası birbaşa final mərhələsində oynamaq hüququna sahibdir.

Xəbər 688 dəfə oxundu.