Azərbaycan boksçusu dünya birinciliyinə qələbə ilə başlayıb
Sankt-Peterburqda boks üzrə yeniyetmələr arasında dünya birinciliyi davam edir.

Yarışın növbəti günündə Azərbaycan milli komandasının 3 üzvü rinqə çıxıb. Yeniyetmələr arasında Avropa çempionu Bəxtiyar Qazıbəyov (60) dünya birinciliyinə uğurla başlayıb. Boksçumuz ukraynalı Zaxar Stepanovu məğlub edib – 3:0. Həmyerlimiz səkkizdəbir finalda macarıstanlı Mata Lakatosla üz-üzə gələcək.

Digər təmsilçilərimiz Elbrus Əkbərov (75 kq) və Hüseyn Sadıqov (52) isə ilkin mərhələdə uduzaraq mübarizəni dayandırmalı olublar. Elbrus Əkbərov gərgin mübarizədə Hindistan təmsilçisi Sandip Çanqhasa məğlub olub – 1:2. Hüseyn Sadıqov isə İsrail boksçusu David Xarmatsa uduzub.

Bu gün dünya birinciliyində Kənan Əliyev (46 kq), Orxan Həsənov (54 kq), Sayad Lalayev (63 kq ), Cavid Hüseynov (48 kq), Məhəmməd Abdullayev (81 kq) və Bəxtiyar Qazıbəyov (60 kq) rinqə çıxacaqlar.

Xəbər 1009 dəfə oxundu.