“Vaqifin gəlişi komandamızın güclənməsinə kömək edəcək”
“Qarabağ”ın yarımmüdafiəçisi Georgi Adamiya azerisport.az saytına müsahibəsində komandasının hazırlıqlarından, eləcə də Vaqif Cavadovun Ağdam klubuna dönüşündən danışıb. İdman.com az saytının məlumatına görə, gürcüstanlı futbolçu ümumi durumu belə dəyərləndirib:

“Hər gün forma yığmağa çalışırıq. Qarşıda hələ daha 10 günümüz var ki, yaxşı hazırlaşa bilək. Bu müddət ərzində çox şeyə nail olmaq olar. Bizim əsas hədəfimiz optimal forma toplamaqdır. Fikrimcə, biz buna qadirik. Əlbəttə, qələbə qazanmaq həmişə xoşdu. Amma təlim-məşq toplanışlarının gedişində bu, o qədər də vacib əhəmiyyət kəsb etmir”.

Adamiya etiraf edib ki, hazırda özü də ideal formasından çox uzaqdır. Amma gürcü legioner çempionatdakı qış fasiləsi başa çatana kimi hazır olacağına inandığını deyir:

“Mən də ideal formamdan uzağam. Bu, müəyyən mənada normaldır. Məncə, bütün futbolçular hələ öz fiziki kondisiyalarından uzaqdılar. İki həftəyə buna nail olmaq mümkünsüzdür. Yaxşı ki, toplanışımız o qədər çox böyük itkilər olmadan keçir. Bu müddətdə tam güclə məşq etmək lazımdı. Fevralda isə artıq təzə güclə meydana çıxmaq imkanımız olacaq”.

Adamiya Cavadovun komandaya qayıdışına da toxunub. O, bildirib ki, Vaqifin dönüşü ilə əsas heyətə düşməklə bağlı problemlə üzləşəcəyini düşünmür:
“Düşünmürəm ki, Vaqif Cavadovun komandamıza gəlişi məni heyətdən kənar qoya bilər. Biz onunla dostuq. Onun gəlişi sadəcə komandamızın güclənməsinə kömək edəcək. Kimin oyanayacağını isə zaman göstərəcək”.

Xəbər 907 dəfə oxundu.