Vüqar Əliyev: Voleybolçularımız pis oynadılar
“Son vaxtlar komandamızın bəxti gətirmir”. İdman.com.az saytı apasport.az-a istinadən xəbər verir ki, bu sözü “Azərreyl”in məşqçisi Vüqar Əliyev deyib. Avropa Çempionlar Liqasından fərqli, Super Liqada məhz bu mütəxəssisin rəhbərliyi altında oynayan “dəmiryolçular” VIII turda “Rabitə” ilə derbi oyununda 0:3 hesabı ilə məğlub olublar. Əliyevin sözlərinə görə, ölkə çempionatında ilk xal itkisində aparıcı voleybolçularının yoxluğu da rol oynayıb:

“Çempionlar Liqasında son oyunumuzda Oksana Parxomenko ciddi zədələndi. Həmçinin, Karolina Kosekin ayağında yüngül də olsa problemi yarandı. Onlardan başqa, Polina Rəhimova da oyunöncəsi xəstələnmişdi. Paulino De Souza Pereyranın isə beli ağrıyırdı. Bilirsiz ki, qarşıda bizim Çempionlar Liqasında çətin oyunlarımız var. Həm bu səbəbdən, həm də zədə səbəbindən qərara aldıq ki, ikinci heyətlə oynayaq. Bu həmin voleybolçuların təcrübə yığmasına da hesablanmışdı. Birinci setdə komandamın oyunu heç xoşuma gəlmədi. Lakin onlar daha yaxşı oyun nümayiş etdirə bilərdilər”.

Gənc çalışdırıcı bildirib ki, bu məğlubiyyətin qisasını final mərhələsində ala bilərlər: “İnşallah, final mərhələsində voleybolçularımız yaxşı formada olar və bu matçda “Rabitə”ni məğlub etməyə çalışacağıq. Bu günkü oyunda isə komandamızda yalnız Valeriya Korotenkonun yerinə oynayan Piyanut Pannoyun oyununu fərqləndirərdim. Digərlərinin isə, çox pis oynadıqlarını deyərdim”.
Qeyd edək ki, komandanın baş məşqçisi Faiq Qarayev hələ “Azərreyl”i Super Liqa oyunlarına çıxarmayıb.

Xəbər 1180 dəfə oxundu.