Bədii gimnastika üzrə dünya çempionatının ilk günündə Azərbaycanın iki gimnastı xalça üzərinə çıxacaq
Sentyabrın 7-də Almaniyanın Ştutqart şəhərində bədii gimnastika üzrə dünya çempionatı başlayıb.

Yarışda ölkəmizi baş məşqçi Marina Vasilyevanın rəhbərliyi altında Marina Durunda, Ayşən Bayramova, Zeyneb Elif Celeb, qrup hərəkətlərində isə Siyana Vasilyeva, Aynur Mustafayeva, Diana Doman, Aleksandra Platonova, Nigar Abdusalimova və Səbinə Abbasova təmsil edirlər.

Yarışın ilk günündə milli komandamızın iki üzvü – M.Durunda və A.Bayramova xalça üzərinə çıxacaq. Gimnastlarımız fərdi yarışlarda halqa ilə güclərini sınayacaqlar.

Sentyabrın 13-də başa çatacaq mundial “Rio-2016” Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Fərdi yarışlarda ilk 15, komandaların mübarizəsində isə ilk 8 yeri tutan millilər Braziliyada təşkil olunacaq Olimpiya Oyunlarına vəsiqəni təmin edəcəklər.

Növbəti lisenziya turniri isə gələn il aprelin 22-24-də keçiriləcək.

Xatırladaq ki, 56 ölkədən 280-dan artıq gimnastın mübarizə apardığı çempionatın fərdi çoxnövçülük yarışlarında ilk 20 yeri tutan atletlər 2017-ci ildə Polşanın Vrotslav şəhərində keçiriləcək dünya oyunlarına vəsiqə qazanacaqlar.

Xəbər 723 dəfə oxundu.