Azərbaycan şahmatçıları Xantı-Mansiyskdə keçirilən dünya çempionatında mübarizəni davam etdirirlər
Xantı-Mansiyskdə 20 yaşadək gənclər arasında keçirilən şahmat üzrə dünya çempionatı davam edir.

Beşinci turda oğlanların yarışında Azərbaycan şahmatçıları Nicat Abbasov və Misrəddin İsgəndərov üz-üzə gəliblər. Qarşılaşma Nicat Abbasovun qələbəsi ilə başa çatıb. Ülvi Bacarani isə bu turda Rusiya təmsilçisi Danil Yuffanı məğlub edib. Beş turdan sonra Ü.Bacarani liderdən yarım xal az - 4 xal toplayaraq 2-6-cı yerləri bölüşdürür. N.Abbasov 3 xalla 26-cı, M.İsgəndərov isə 2 xalla 38-ci pillədə qərarlaşıb.

Qızların mübarizəsində də beş turdan sonra həmyerlilərimiz Günay Məmmədzadə və Səbinə İbrahimova hərəyə 3,5 xalla 4-12-ci yerləri bölüşdürürlər. G.Məmmədzadə əlavə göstəricilərə görə, 7-ci, Səbinə İbrahimova isə 12-ci yerdədir. Ülviyyə Fətəliyeva 2,5 xalla 23-cü, Aytən Əmrayeva isə 2 xalla 37-ci yerdədir.

Yarışda Azərbaycan ilə yanaşı, Türkiyə, Fransa, Rusiya, Gürcüstan, Hindistan, Çin, Rumıniya, Ukrayna, Niderland, Braziliya, Polşa, İngiltərə, İran, Özbəkistan, Qırğızıstan, Əfqanıstan, Serbiya, İtaliya, Ermənistan, Belçika, İsveçrə, Avstriya və Almaniyadan 110 şahmatçı (62 oğlan və 48 qız) çempion adı uğrunda mübarizə aparır.

Dünya çempionatı İsveçrə sistemi üzrə keçirilir və 13 turdan ibarətdir.

Xəbər 989 dəfə oxundu.