Vaqif Cavadov: Çempion adını qazanmaq istəyirik - MÜSAHİBƏ
Bu gün Türkiyənin Antalya şəhərində “Qarabağ”la Avstriyanın “Rid” klubu arasında sınaq görüş keçirildi. İdman.com az saytının məlumatına görə, yaxın günlərdə Ağdam komandasına qayıdan Vaqif Cavadov, matçın 2-ci hissəsində meydana daxil oldu. Bu, futbolçunun 2 illik fasilədən sonra “Qarabağ”da ilk oyunu idi. Görüş başa çatdıqdan sonra, hücumçu qol.az saytının Antalyaya ezam olunmuş xüsusi müxbirinin suallarına cavablandırıb:

- “Qarabağ”a qayıtdıqdan sonra ilk matçına çıxdın. Matç və öz oyunun barəsində fikirlərin necədir?
- Əvvəlcə deyim ki, “Qarabağ”a qayıtdığıma görə çox sevinirəm. Bu il doğma komandamda ilk oyunum idi. Heyf ki, uduzduq. Hazırlıq görüşlərində belə hallar olur. Birinci hissədə hesabda irəlidə idik. Fasilədən sonra isə baş məşqçimiz əsasən gənc və yeni futbolçuları meydana buraxdı. Hardasa təcrübə öz sözünü dedi və rəqib qalib gəldi.
Öz oyunuma gəldikdə, məncə, bu haqda ən doğru fikri siz jurnalistlər deyə bilərsiniz. Heç vaxt oyunum barəsində fikir yürütməyi sevməmişəm.

- AFFA İntizam Komitəsi səninlə bağlı qərarına görə, Unibank Premyer Liqasının beş oyununda iştirak edə bilmərsən. Bununla bağlı özün və ya klub tərəfdən federasiyaya müraciət olunubmu?
- Klubumuz AFFA-ya müraciət etmək fikrindədir. Millidəki məlum məsələyə görə, mənim barəmdə çıxarılan qərarın kluba heç bir aidiyyatı yoxdur və “Qarabağ” mənə verilən cəzadan zərər çəkməməlidir. O ki qaldı milli komandaya, baş məşqçi özü komandaya qayıtmağımla bağlı qərar verməlidir. Əlbəttə, yenidən millidə oynamaq istəyirəm. Beş min manatlıq maliyyə cəriməsini demirəm, amma AFFA mənimlə bağlı beş oyunluq cəzanı ləğv etməlidir. Çünki komandamıza can yandıran futbolçulardan olmuşam.

- Ümumiyyətlə, şəxsən özün AFFA Apelyasiya Komitəsindən nə kimi qərar gözləyirsən?
- Qərarı kim çıxarıbsa, yenidən bu məsələyə baxmalıdır. Ləğv etsələr də sağ olsunlar, etməsələr də.

- “Qarabağ”a böyük ümidlərlə transfer olunmusan. Azarkeşləriniz şəxsən səndən və komandanızdan daha yaxşı nəticələr gözləyirlər.
- “Qarabağ”da oynayanda komandamız yaxşı nəticələr qazanmışdı. İndi də istəyirəm ki, həm öz oyunum, həm də komandamız yenə eyni uğurları təkrarlasın. Təbii ki, çempion adını qazanmaq istəyirik. Bu olmasa da, Avroliqaya vəsiqə qazanmaq və qrup mərhələsinə düşməyə çalışacağıq. Bunu komanda yoldaşlarım da, baş məşqşi də, azarkeşlərimiz də, klub rəhbərliyi də çox istəyir.

- Futbolçu karyeranda ən yaxşı dövrünü “Qarabağ”da keçirmisən. “Tvente”də zədə üzündən möhkəmlənə bilmədin. Sonra isə “Bakı” və “Volqa”da oynasan da, istəyinə nail ola bilmədin. İndi yenidən sənə doğma olan “Qarabağ”dasan. Səncə, burada yenidən ən yaxşı dövrünü keçirə biləcəksən?
- Bayaq da dedim ki, “Qarabağ”da çox gözəl bir dövr keçirmişəm. O vaxt heyət də indikindən fərqli idi. Mən inanıram ki, dönüşüm həm özüm, həm də komanda üçün xeyirli olacaq. Bu yeni ildə çox yaxşı çıxış etməyə çalışacağam.

- Bəlkə də bu sual yerinə düşmür. Amma maraqlıdır, nə vaxtsa yenidən “Qarabağ”ı tərk edərsən?
- Mən bir daha heç vaxt Azərbaycanda “Qarabağ”dan başqa komandada oynamayacağam. Xarici klublara gəlincə isə, peşəkar baxımdan yanaşsaq, gələcəkdə hər şey mümkündür.

- Və sonda. “Qarabağ”da hansı nömrə altında oynayacaqsan.
- Bildiyiniz kimi, ilk dəfə Ağdam klubunda 20 nömrəli formanı geyinirdim. Amma indi bu nömrə tutulduğundan 70 nömrəni seçmişəm.

Xəbər 1068 dəfə oxundu.