“Yuventus” sabiq yarımmüdafiəçisi “Simurq”da
“Simurq” İtaliyanın “Yuventus” klubunun sabiq futbolçusu Sergey Kovalenkonu dəvət edib. İdman.com.az saytının məlumatına görə, bu haqda apasport.az-a Zaqatala təmsilçisinin icraçı direktoru Vaqif Əliyev xəbər verib. Turin təmsilçisinin 3 il şərəfini qoruyan ukraynalı hücumçunun hazırda baxışda olduğunu bildirib. Mütəxəssis 28 yaşlı legioneri Antalyadakı təlim-məşq toplanışı çərçivəsində Kutaisi “Torpedo”su ilə sabahkı yoxlama oyununda sınayacaqlarını bildirib:

“Kovalenko bu gün komandamızda ilk məşqinə çıxdı. İlk baxışdan yaxşı təsir bağışladı. Hər halda, 3 il “Yuventus”un heyətində yer alıb, sıradan legioner deyil. Ancaq istənilən halda, onu sınadıqdan sonra yekun qərarımızı verəcəyik. Kovalenko Belarusun “Belşina” klubundan gəlib. Hücumda, hücumameylli yarımmüdafiəçi kimi oynayır ki, bizə də məhz bu mövqelərə futbolçu lazımdır”.

Sergeyin peşəkar karyerasında ilk klub məhz “Yuventus” olub. Ancaq o, 2001-04-cü illərdə formasını geydiyi bu komandanın əsas heyətinə düşə bilməyib. Ukraynalı 2 il Turun təmsilçisinin əvəzedici heyətində keçirəndən sonra İtaliyanın aşağı divizion təmsilçisi “Lodidjani”yə icarəyə verilib. Bu komandada 2003/04 mövsümündə 4 oyun keçirən Kovalenko “Yuventus”la müqaviləsi bitəndən sonra Apennin yarımadasından gedib.

2004-cü ildə Belçikaya gələn hücumçu 2 il “Standard”da oynayıb (2004-06-cı illər, 55 oyun, 8 qol). Burada çıxışı uğurlu alınan ukraynalı Belçika çempionatının gümüş medalını qazanıb, ölkə kubokunda yarımfinala kimi irəliləyib. Ancaq növbəti mövsümdə məhsuldarlığı aşağı düşdüyünə görə “Lokeren”ə icarəyə verilən Sergey orada cəmi 1 oyun keçirib. Bu da sonradan oyuna daxil olma zamanı reallaşıb və həmin komandanın baş məşqçisi Slavolyub Muslinlə münaqişəsi olan futbolçu oradan tez gedib.

2007/08 mövsümündə Belçikanın digər təmsilçisi “Ruselar”da 8 oyun keçirən Kovalenko ardınca vətəninə qayıdıb. 2008-ci ildə müqavilə bağladığı “Volın”da 4 matçda meydana çıxan hücumçu bundan sonra Belarusda çıxış edib. O, 2009-cu ildə Jodinonun “Torpedo” klubunda 24 oyunda, son 2 ildə çıxış etdiyi “Belşina”da 31 matçda 4 qol vurub.

Xəbər 1238 dəfə oxundu.