Elxan Məmmədov: "Son iki gündə uduzmayacağımıza daha çox inanmağa başlamışdım"
AFFA-nın baş katibi Elxan Məmmədov AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində keçirilmiş Azərbaycan - Xorvatiya matçından (0:0) sonra müsahibə verib.

- Oyunla bağlı nə deyə bilərsiniz?
- Çox yaxşı oynadıq və bir xal qazandıq. Unutmayaq ki, Xorvatiya son dünya çempionatında 32 komanda arasında yer almış yığmadır. Belə bir komanda ilə oyunda bir xal qazanmaq böyük uğurdur. İkinci hissədə komandamız hücumlar da qurmağa başladı. Məncə, azarkeşlər də həmin vaxt qələbəyə ümid bəsləməyə başlamışdılar. Niyə də olmamalıydı? Bir xal qazanmağımız da böyük uğurdur. Çox şadam ki, komandamız bu dəfə bizi məyus etmədi.

- Düzünü deyin - siz yığmamızın xal qazanacağını gözləyirdiniz?
- Toplanışda komanda ilə birgəydik. Müəyyən mənada ehtiyatlanırdıq. Amma komandadakı ab-havanı görəndən sonra inam yarandı. Bu oyuna hazırlıq çox yüksək səviyyədə və ciddi idi. Xüsusilə son iki gündə uduzmayacağımıza daha çox inanmağa başlamışdım. Baş məşqçi Robert Prosineçki də buna əmin idi.

- Bəlkə siz futbolçulara yaxşı mükafat söz verdiyinizə görə belə inam yaranmışdı...
- Yığmada oynamaq hər bir futbolçu üçün şərəf olsa da, mükafat da vacibdir. Matçın əhəmiyyətindən asılı olmayaraq, onlar mükafat alacaqlar. AFFA futbolçulara maaş vermir. Amma məlum mükafat olacaq. Düzdür, onlara nə qədər mükafat verəcəyimizi deməmişik. Lakin yəqin ki, AFFA prezidenti Rövnəq Abdullayev bu barədə qərar verəcək.

- Seçmə mərhələdəki son üç oyunun nəticələrinə baxsaq, Berti Foqtsu gec əvəzləməyinizə dair təəssüf hissi keçirmirsiniz?
- Bu, futboldur, nəsə demək düzgün deyil. Amma təbii ki, seçmə mərhələyə məhz Robert Prosineçki ilə başlamağımız daha yaxşı olardı. Komandanın oyununu daha da yaxşılaşdıracağına inanıram. Əsas odur ki, dünya çempionatının seçmə mərhələsi zaman hər şeyə sıfırdan başlayacağıq.

- Yığmamız artıq üçüncü oyundur uduzmur. Berti Foqtsdan təbrik almamısınız?
- O, yığmamızın oyunlarını izləyir və hər oyundan sənə sms göndərir. Yəqin ki, hələ millimizi unutmayıb. Bu matç öncəsi də mənə Vaşinqtondan məktub yazmışdı və milliyə uğurlar arzulamışdı.

Xəbər 752 dəfə oxundu.