Ruslan Qurbanov: “Xorvatların bu qədər güclü olduğunu bilmirdim”
"Özünüz yaxşı bilirsiz ki, Xorvatiya millisində usta futbolçular çıxış edir. Bu qədər güclü olduğunu bilmirdim” Bu sözləri Azərbaycan millisinin futbolçusu Ruslan Qurbanov deyib.

AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində Xorvatiyaya qarşı keçirilən oyunu dəyərləndirən "Neftçi”nin futbolçusu çox çətin oyun keçirdiklərini bildirib: "Rəqibə qarşı oynamaq çox çətin idi. Ancaq qaçaraq mübarizə aparmaq qalırdı, topla oynamaq mümkün deyildi. Bu, xorvatlara qarşı ilk oyunum idi. Onların bu qədər güclü olduğunu bilmirdim”.

Bu ilin ilk yarısında icarə əsasında Xorvatiya təmsilçisi "Hayduk”da çıxış edən Qurbanov əvəzlənməsinə belə münasibət bildirib: "Oyunun sonlarına yaxın yorulmuşdum. Sağ cinahda oynayan müdafiəçi çox geniş oynayırdı, buna görə mən də daim hərəkətdə idim. Bir cərimə meydançasından digərinə qədər qaçırdım. Sona yaxın ayaqlarım donub qalırdı. Bir sözlə, yorulduğum üçün baş məşqçidən məni əvəzləməsini xahiş etdim”.

Ruslan baş məşqçinin verdiyi tapşırıqları yerinə yetirərək rəqibə oynamağa imkan vermədiklərini düşünür: "Fikrimcə, biz Xorvatiyaya oynamağa imkan vermədik. Baş məşqçinin verdiyi tapşırıqları düzgün yerinə yetirdik. Oyundan öncə bildirmişdi ki, dediklərimi həyata keçirsəz, 90 dəqiqənin tamamında müsbət nəticə əldə edəcəyik. Elə də oldu”.

Son olaraq "Neftçi”li Prosineçkinin etimadını doğrultmağa çalışdığını bildirib: "Son matçlarda daim mənə şans verir. Tədricən onun etimadını doğrultmağa çalışıram. Bu, millidə 3-cü rəsmi oyunum idi. Vaxt ötdükcə daha yaxşı çıxış edəcəm”.

Xəbər 651 dəfə oxundu.