Nurlan Novruzov: Milliyə dəvət almaq üçün daha çox çalışmalıyam
"Zirə"nin hücumçusu Nurlan Novruzovun müsahibəsi

- Yığmaya çağırılmağınız çox adamı sevindirmişdi. Amma cəmi bir neçə gün sonra Robert Prosineçki fikrini dəyişdi və sizi millidən kənarlaşdırdı. Nə baş verdi?
- Mən də yığmamıza dəvət almağımıza sevinmişdim. Bu, baş məşqçinin qərarı idi. Ona görə də buna hörmətlə yanaşmaq lazımdır. Allah eləsin ki, klubumda özümü yaxşı tərəfdən göstərə bilim və yenidən milliyə çağırılım.

- Yığmada olduğunuz dövrdə özünüzü yaxşı tərəfdən göstərə bilmədiniz?
- 4-5 məşqə çıxdım. Amma məsələ təkcə məşqə çıxmaqda deyil.

- Yəni, səbəb yalnız millinin düşərgəsində qalan 24 futbolçudan zəif olmağınızdır?
- Baş məşqçi belə qərar verdi. Mən nə edə bilərdim ki?

- Siz də yığmaya dəvət almağınızı baş məşqçiyə tənqidləri nisbətən azaltmaq üçün atılmış addım hesab edirsiniz?
- Bu barədə heç nə deyə bilmərəm. Amma mən elə düşünmürəm. Robert Prosineçkinin məşqlərində iştirak etdim. Onun necə yaxşı və əsl peşəkar mütəxəssis olduğunu da gördüm. Millinin məşqləri çox maraqlı keçirdi. Fikrimcə, qarşıdakı illərdə azarkeşlərimiz millidən daha baxımlı oyun görəcəklər. Çünki Prosineçki topu özümüzdə saxlamağımızı, hücumlar təşkil etməyimizi xoşlayır. Yığmamıza uğurlar arzulayıram.

- Prosineçki ilə söhbətiniz oldu?
- Xeyr, heç bir söhbətimiz olmadı.

- Yəqin ki, sizdən imtina etmələri xoş olmadı...
- Meydanda 11 futbolçu çıxış edir. Baş məşqçi də indiki məqamda başqa futbolçulara üstünlük verdi. Əsas odur ki, yığmamız yaxşı nəticəyə imza atsın. Özümə gəlincə, yığmada oynamağım üçün daha çox çalışmalıyam. Allah eləsin ki, gözəl oyun sərgiləyə bilim və yığmaya dəvət alım.

Xəbər 880 dəfə oxundu.