Azərbaycan boksçuları dünya birinciliyində iştirak etmək üçün Sankt-Peterburqa yola düşüblər
Sentyabrın 4-də Sankt-Peterburqda boks üzrə yeniyetmələr arasında dünya birinciliyi start götürəcək. Səkkiz gün davam edəcək yarışda dörd yüzdən çox idmançı mübarizə aparacaq.

Komandamız yarışda yalnız bir çəki dərəcəsində təmsil olunmayacaq. Digər 12 çəkidə Azərbaycan boksçuları bacarıqlarını nümayiş etdirəcəklər.

Boks üzrə milli komandamız baş məşqçi Rasim Məmmədov, məşqçilər Elbrus Rzayev, Təvəkkül Məmmədov və Hüseyn Bağırovun rəhbərliyi ilə artıq Sankt-Peterburqa yollanıb. Heyətdə ötən il yeniyetmələr arasında qitə birinciliyinin qalibləri olmuş Bəxtiyar Qazıbəyov (60 kq) və Məhəmməd Abdullayev (80 kq) də yer alıblar. Avropa birinciliyinin gümüş mükafatçısı Cavid Hüseynov (48 kq), bürünc medalçılar Orxan Həsənov (54 kq) və Şaiq Məlikov (70 kq) da əsas medal ümidlərimiz olacaqlar.

Bundan başqa, Kənan Əliyev (46 kq), Seyidrza Sadıqov (50 kq), Hüseyn Sadıqov (52 kq), Elton Məmmədov (57 kq), Sayad Lalayev (63 kq), Rəcəb Niftəliyev (66 kq) və Elbrus Əkbərov (75 kq) da komandamızın heyətinə cəlb olunublar.

Dünya birinciliyində ölkəmizi hakim kimi Rövşən Hüseynov təmsil edəcək.

Xəbər 899 dəfə oxundu.