Qrossmeysterlərimiz heç-heçə etdilər
Niderlandın Veyk an Zeye şəhərində keçirilən şahmatçılar arasında ənənəvi beynəlxalq superturnir finişə doğru səmt alıb. İdman.com.az saytının məlumatına görə, mübarizənin gərginliyi artıq zirvə həddinə çatıb. IX turda dünyanın 1-ci reytinqli şahmatçı Maqnus Karlsenin (2835) ukraynalı Sergey Karyakinə (2769) uduzması, onu şərikli liderlik qoparıb. Əvəzində, bu, Azərbaycan qrossmeysteri Teymur Rəcəbovun (2773) işinə yarayıb.

Qara fiqurlarla ABŞ təmsilçisi Qata Kamski (2732) ilə görüşən həmyerlimiz, enşpilin əvvəlində bir piyada üstünlüyü qazanıb. Amma Rəcəbov nəinki bundan yararlana bilib, getdikcə özü fiqurlarda geri duşub. Amma daim şah elan etmək fürsəti yaxalayan Teymur, 55-ci gedişdə rəqibini heç-heçəyə razı sala bilib. Hesabında 5,5 xal olan qrossmeysterimiz, hazırda Maqnus Karlsen və Vasili İvançukla (2766) birgə 2-4-cü yerləri bölüşdürür.

Milli komandamızın digər aparıcı üzvü Vüqar Həşimov (2761) bu tur ağ fiqurlarla çex David Navara (2712) ilə qarşılaşıb. Mittelşpildə rəqib şahının düşərgəsini dağıdan təmsilçimiz, yarışın autsayderinə çətin anlar yaşadıb. Vüqar hücuma o qədər aludə olub ki, müdafiəni yaddan çıxarıb. Çex şahmatçı əks-həmlədə Həşimovu sülh bağlamağa məcbur edib. Tərəflər 40-cı gedişdə xalları yarıya bölüblər. Aktivində 3,5 xal olan qrossmeysterimiz 12-ci sırada qərarlaşıb.

Xəbər 916 dəfə oxundu.