"Qarabağ"ın transfer etməyə yaxın olduğu Vladimir Makedoniya millisinin heyətindən kənarlaşdırılıb
"Qarabağ"ın transfer etməyə yaxın olduğu Vladimir Dimitrovski Makedoniya millisinin heyətindən kənarlaşdırılıb.

Buna Dimitrovskinin yığmanın düşərgəsini icazəsiz tərk etməsi səbəb olub.

Makedoniya millisinin baş məşqçisi Lyubinko Druloviç bu hərəkətinə görə 26 yaşlı futbolçunu seçmə mərhələnin qarşıdakı iki oyunu üçün yığmada görməyi düşünmədiyini bildirib:

"O, intizamsız davranışı ilə məni məyus etdi. Seçimimdə olduqca məsuliyyətliyəm və futbolçulardan da eyni münasibəti gözləyirəm. Heç bir futbolçu yığmanın düşərgəsini icazəsiz tərk edə bilməz. Dimitrovski isə nizam-intizamı pozub. Hansı ki, mən nizam-intizama böyük önəm verirəm. Digər komandalarda futbolçular bu davranışlarına görə ağır cəzalandırılırlar. Dimitrovskinin cəzasının nə olacağını bilmirəm. Ancaq nəsə əldə etməyin çıxış yolu bu deyildi. O, icazə istəsəydi, oturub danışmaqla razılığa gələ bilərdik".

Qeyd edək ki, Dimitrovskinin "Qarabağ"la transfer məsələsini həll etmək üçün yığmanın düşərgəsini tərk etdiyi ehtimal olunur.

Əlavə edək ki, Makedoniya Futbol Federasiyası azad agent olan adıçəkilən futbolçuya transfer vərəqəsini vermədiyi üçün onun “Qarabağ”a keçidinin rəsmiləşməsi yubanır.

Xəbər 686 dəfə oxundu.