“Bakı”nın zədəliləri sıraya dönür
Yanvarın 23-də Türkiyəyə yollanan “Bakı” bu gündən hazırlıqların ikinci mərhələsinə start verib. İdman.com.az klubu rəsmi saytına istinadən xəbər verir ki, komandanın latviyalı baş məşqçisi Aleksandr Starkov rəhbərliyi ilə bir araya gələn futbolçular taktiki və fiziki təmrinlər üzərində çalışmalarını davam etdirir. Antalyanın "Maks Royal" otelində məskunlaşan bakılılar gündə 2 məşqlə verilən tapşırıqlar üzərində işləyirlər.

Bu arada zədə səbəbindən komandadan ayrı düşən futbolçuların sağlamlığının yaxşılığa doğru dəyişməsi xəbərləri gəlir. "AZ Alkmaar"la yoxlama oyununda damarı dartılan Uinston Parks və sümük zədəsi səbəbi ilə meydanlardan kənar qalan Elvin Əliyev müalicələrini davam etdirirlər. Hər iki futbolçu son günlərdə “Acıbadəm” klinikasında müalicə aldıqdan sonra düşərgəyə qayıdıblar. Parksın yaxın günlərdə intensiv məşqlərə qatılacağı təxmin edilir. Elvin isə müalicəsini daha 2 həftə ərzində davam etdirəcək.

Qeyd edək ki, “Bakı” 2-ci mərhələdə ilk yoxlama oyununu yanvarın 26-da keçirəcək. Rumıniyanın “Panduri” klubu ilə matç Bakı vaxtilə saat 19:00-da başlayacaq.

Xəbər 1762 dəfə oxundu.