Qəbələ Ukraynaya yollandı, Çernomoretslə matçın başlama saatı bilindi
UEFA Avropa Liqasının pley-off mərhələsində “Panatinaikos”la (Yunanıstan) avqustun 27-də keçirilən cavab oyunundan (2:2) sonra istirahətə buraxılan "Qəbələ"nin futbolçuları ötən gün - sentyabrın 1-də bir araya gəliblər. “Qırmızı-qaralar” təlim-məşq toplanışı üçün Ukraynaya yollanıblar.

Komanda Odessa şəhərində 6 gün hazırlıq keçəcək. Sentyabrın 7-də Azərbaycana dönəcək Roman Qriqorçukun çalışdırdığı kollektivin Ukrayna toplanışı çərçivəsində yoxlama oyunu keçirməsi də planlaşdırılıb. Bölgə klubu sentyabrın 6-da “Çernomorets”lə qarşılaşacaq. Matç yerli vaxtla saat 18:30-da (Bakı vaxtı ilə 20:30) start götürəcək.

Qeyd edək ki, “Qəbələ” təlim-məşq toplanışına tam heyətlə yollanmayıb. Belə ki, milli komandaların düşərgəsində olan futbolçular hazırlıqlarda iştirak edə bilməyəcək. Arif Daşdəmirov, Məhəmməd Mirzəbəyov, Rəşad Sadiqov və Elvin Camalov Azərbaycan, Ermin Zets Bosniya və Herseqovina, Sergey Zenyov Estoniya millisinin düşərgəsindədir.

Xatırladaq ki, “qırmızı-qaralar” yığmaların oyunları ilə əlaqədar yaranan fasilədən sonra ilk qarşılaşmasını sentyabrın 13-də keçirəcək. “Qəbələ” Topaz Premyer Liqasının 4-cü turunda səfərdə “İnter”lə görüşəcək.

Xəbər 630 dəfə oxundu.