Rəvanın Gənclər Liqasında rəqibi Moskva Spartakı oldu
UEFA Gənclər Liqasında yeni mövsümün püşkatma mərasimi keçirilib. İsveçrənin Nyon şəhərində baş tutan tədbirdə Çempionlar Liqasında çıxış edən klubların U-19 komandalarının ardından öz ölkəsinin ən yaxşısı olan 32 komandanın da rəqibləri müəyyənləşib.

AFFA-nın təşkil etdiyi U-19 Liqasının 2014/2015-ci il mövsümünün qalibi olmaqla turnirə vəsiqə qazanan “Rəvan” da rəqibini tanıyıb. Azərbaycan təmsilçisi "Spartak" (Moskva, Rusiya), "Beşiktaş" (Türkiyə), "Legiya" (Varşava, Polşa), "Viitorul" (Rumıniya), "Minsk" (Belarus), "Liteks" (Bolqarıstan) və "Aktobe" (Qazaxıstan) ilə düşə bilərdi. Püşkatma Azərbaycan klubuna Moskva "Spartak"ını rəqib edib.

Qeyd edək ki, birinci mərhələnin ilk oyunları sentyabrın 29-30-da, cavab oyunları oktyabrın 20-21-də keçiriləcək.

Xəbər 723 dəfə oxundu.