Nataliya Məmmədova "Volera"da qalacaq
Azərbaycanın voleybol üzrə qadınlardan ibarət millisinin üzvü Natalya Məmmədova şərəfini qoruduğu İsveçrənin "Volero" klubundan ayrılmayacaq. Hücumçumuz bir müddət əvvəl haqqında yayılan informasiyaları şərh edərkən bunu deyib. Rusiya mətbuatına danışan Məmmədova klub karyerası haqqında bunları deyib:

"Bu şayiələrin arxasında kimlərin dayandığını bilmirəm. Çiynimdəki zədə və keçirdiyim əməliyyatdan sonrakı 3 mövsüm ərzində ilk dəfədir ki, özümü 100 faiz hazır hiss edirəm. "Volero" bu müddətdə məni dəstəklədi və mən bunu yüksək qiymətləndirirəm. Əlbəttə ki, mən "Volero"dan ayrılmayacam, bu komanda mənim ikinci ailəmdi. Yüksək səviyyədə oynamağa hazır olmadığım bir vaxtda onlar mənimlə dörd illik müqavilə bağladılar. Onlar məni dəstəklədilər, bərpa prosesində və mövsümə hazırlaşmağımda kömək oldular".

Xəbər 875 dəfə oxundu.