Şahmat üzrə “Aroma Collection Summer Cup” turnirinə yekun vurulub
Azərbaycan Şahmat Federasiyasının, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin və 2 nömrəli Uşaq Gənclər Şahmat İdman Məktəbinin (UGŞİM) təşkilatçılığı, “Aroma Collection” kosmetik brendinin sponsorluğu ilə keçirilən FİDE reytinq turniri başa çatıb.

6 saylı tam orta məktəbdə keçirilən “Aroma Collection Summer Cup” turnirində 18 yaşadək idmançılar iştirak ediblər. İsveçrə sistemi üzrə 9 turdan ibarət olaraq keçirilən yarışda Bakı, Naxçıvan, Sumqayıt, Gəncə, Quba, Lənkəran, Şəki, Kürdəmir, Tərtər, Cəbrayıl, Ağdam, Biləsuvardan olan 108 idmançı (17-si qız) mübarizə aparıb.

Yarışın bağlanış mərasimində Azərbaycanın dövlət himninin səsləndirilməsindən sonra turnirin baş hakimi, respublika dərəcəli hakim, FİDE ustası Cavanşir Bağırov nəticələrlə bağlı məlumat verib.

Sonra 2 nömrəli UGŞİM-nin direktoru Elvin Hüseynov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, paytaxtın şahmat idman növü üzrə əlaqələndirici-kuratoru Salman Əbdülov və digərləri çıxış edərək yarışın əhəmiyyətini vurğulayıblar. Çıxışlarda belə turnirlərin Azərbaycanda idmanın inkişafına təkan verməklə yanaşı, uşaq və yeniyetmələr arasında şahmatın kütləviləşməsi, ölkəmizdə gənc və yeniyetmə zəka ustalarının təcrübələrini və reytinq xallarını artırmaları baxımından əhəmiyyəti xüsusi qeyd olunub.

Yarışda Əli Süleymanov, Xəzər Babazadə, Atilla Eynullayev, Nərmin Kərimzadə və Elvin Bayramov müxtəlif yaş kateqoriyaları üzrə birinci yerləri tutublar.

Qaliblər, həmçinin turnirin yaşca ən kiçik iştirakçısı olan Yusif Abasov müvafiq dərəcəli diplomlar, medallar, qiymətli hədiyyələr, kubok və pul mükafatları ilə təltif edilib.

AZƏRTAC

Xəbər 693 dəfə oxundu.