Astarada “Zirvə” beynəlxalq idman klubunun ağır atletika üzrə IX dünya kuboku yarışlarına start verilib
Avqustun 29-da Astara Olimpiya İdman Kompleksində “Zirvə” beynəlxalq idman klubunun ağır atletika üzrə IX dünya kuboku yarışlarına start verilib.

Azərbaycan Ağır Atletika Federasiyasının, “Zirvə” klubunun və Astara Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən beynəlxalq yarışda ölkəmizlə yanaşı, Türkiyə, Rusiya, İran, Gürcüstan, İsrail, Bolqarıstan, Moldova, Belarus, Ukrayna, Polşa və ABŞ-dan 100-dək idmançı qələbə uğrunda mübarizəyə qoşulub. Dünya kuboku yarışlarında ölkəmizi Bakı, Lənkəran, İsmayıllı, Lerik, Masazır, Neftçala, Samux, Şamaxı, Sumqayıt, Xırdalan, Qazax, Goranboy, Qobustan və Yevlax “Zirvə” idman klublarının ağır atletləri təmsil edirlər.

Kişilər və qadınlar arasında keçirilən yarışların qalibləri və mükafatçılar Sinkleyr cədvəli üzrə müəyyənləşəcək. Qalib gələn idmançılara və onların məşqçilərinə pul mükafatları, diplomlar, medallar, kuboklar, müxtəlif hədiyyələr, mənzillərin sertifikatları təqdim olunacaq. Bir neçə il ərzində mənzil sertifikatlarını toplayan atletlər Xırdalanda və Astaradakı “AAAF Park” yaşayış kompleksində təmənnasız mənzillər əldə edə biləcəklər.

Yarışın birinci günündə 14 yaşadək qadın idmançılar körpücük üzərinə çıxıblar. Polşa, Bolqarıstan, Türkiyə, Ukrayna və Azərbaycandan 12 gənc atletin qatıldığı qrupda maraqlı mübarizə yaşanıb. Qalib adını Bolqarıstan atleti Qalya Şatova qazanıb. “Smolyan-Zirvə” təmsilçisi ümumilikdə 144 kiloqramlıq (69+75) nəticə və 219.21 xal ilə fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yeri 92 kiloqramlıq nəticə (40+52) və 204.25 xalla “Jidaçiv-Zirvə”nin (Ukrayna) üzvü Qalina Didik, üçüncü yeri isə 134 kiloqramlıq (60+74) nəticə və 194.97 xalla “Lənkəran-Zirvə”nin təmsilçisi Sevər Məhərrəmova tutublar.

Qaliblərə mükafatları “Zirvə” beynəlxalq idman klubunun prezidenti Tofiq Heydərov və Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev təqdim ediblər.

Sonra yarışların rəsmi açılış mərasimi keçirilib və “Zirvə” beynəlxalq idman klubunun filiallarının nümayəndələrinin və 12 ölkədən 26 klubun təmsilçilərinin paradı olub.

Mərasimdə çıxış edən Qəzənfər Ağayev və Tofiq Heydərov Azərbaycanda idmanın inkişafı istiqamətində görülən işlərdən, idmançılarımızın beynəlxalq yarışlarda qazandıqları uğurlardan danışaraq iştirakçılara uğurlar arzulayıblar.

Tədbirdə İsveçin Landskrona şəhərində keçirilən 15 və 17 yaşadək yeniyetmə ağır atletlərin Avropa birinciliyində qızıl medal qazanan “Lənkəran-Zirvə”nin nümayəndəsi Səbinə Əzimovaya və onun məşqçisi Taleh Hüseynova mənzil hədiyyə edilib.

Azərbaycanda idmanın inkişafına verdiyi dəstəyə görə Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevə və digər şəxslərə “Zirvə” beynəlxalq idman klubunun təşəkkür plaketləri təqdim olunub.

Mərasim Lənkəranın “Nənələr” folklor qrupunun və respublikamızın incəsənət ustalarının ifasında maraqlı konsert proqramı ilə davam edib.

Xəbər 897 dəfə oxundu.