Rusiyalı həmkarlarımız: Azərbaycan klubları “dördlər finalı”na çıxmaya da bilər
Qadın voleybolçular arasında Avropa Çempionlar Liqasının pley-off mərhələsinin püşkatması Rusiya mətbuatının gündəmindən düşmür. İdman.com.az saytının məlumatına görə, bu ölkədən olan həmkarlarımız Bakının “Rabitə” və “Azərreyl” klublarının da şanslarınını dəyərləndiriblər. Onlar 1/8 final cütündə - “Modranska” (Çexiya) – “Fənərbağça” (Türkiyə) və “Atom” (Polşa) – “Rabitə” (Azərbaycan) duellərində ikinciləri favorit sayırlar. Ruslar İstanbul və Bakı təmsilçilərində onlara yaxşı tanış isimlərdən də söz açıblar:

“Böyük ehtimalla 1/4 finala vəsiqəni Lyubov Sokolovanın oynadığı “Fənərbağça” ilə Rusiya yığmasında və klublarında işi ilə bizlərə yaxşı tanış olan Zoran Qayiçin baş məşqçisi olduğu “Rabitə” qazanacaq. Maraqlıdır ki, Azərbaycan təmsilçisinin heyətində yerli voleybolçular 1-2 nəfərdən artıq deyil. Əvəzində Balkan ölkələrinin (Serbiya, Xorvatiya, Bolqarıstan) oyunçuları birdən-birə 6 nəfərdir və 2 amerikalı da heyətdə yer alıb”.

Həmkarlarımız daha çox yeri “Azərreyl”ə verib. Çünki 1/8 finalda “Volero” (İsveçrə) ilə qarşılaşacaq “dəmiryolçular” mərhələ adlayacağı halda məhz Kazan “Dinamo”su ilə “Dresdner” (Almaniya) cütünün qalibi ilə oynayacaqlar. Onların fikrincə, təmsilçiləri ən titullu klubumuzu mübarizədən kənarlaşdıracaq: “Rusiya komandası əvvəlcə Almaniya klubunu, ardından isə təcrübəli mütəxəssis Faiq Qarayevin rəhbərlik etdiyi Azərbaycan təmsilçisini üstələmək gücünə malikdir. Hətta elə ola bilər ki, Bakı klublarından heç biri “dördlər finalı”na yüksələ bilməsinlər. Bax onda bu turnirin təşkilatçıları üçün üzücü olacaq”.
Qeyd edək ki, Çempionlar Liqasının “dördlər finalı” martın 24-25-də paytaxtımızda keçiriləcək.

Xəbər 1025 dəfə oxundu.