İdman iliniz mübarək!
Əslində son 15 ilin hamısını, nailiyyətlər baxımından, demək olar ki, idman ili adlandırmaq olar. Həm də biri digərini uğurla əvəzləyən bu illər artan uğurlara görə idman salnaməmizə həkk olunub. Lakin ötən həftənin əvvəli Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin, şəxsən təşəbbüs göstərərək, 2012-ni idman ili elan etməsi və bu barədə müvafiq sərəncam imzalaması, əlbəttə, idman ictimaiyyətimizi daha çox sevindirdi.

Yanvarın 16-da Nazirlər Kabinetinin məlum iclasında dövlətimizin başçısının həm də əsl idman həvəskarı, olimpiya lideri kimi nitqi diqqəti cəlb etməyə bilməz.

2012-ci ildə Yay olimpiya oyunlarına idmançılarımızın ciddi hazırlaşdığını qeyd edən prezident bildirdi ki, ötən il kifayət qədər lisenziyalar əldə etmişik. Dünya, Avropa çempionatlarında qələbələr qazanmışıq, yəni ümidlərimiz böyükdür:
- 2012-ci ildə bizim 10 olimpiya kompleksimiz tikiləcək. Böyük Olimpiya stadionunun tikintisi artıq fəal fazaya keçəcək. Altmış beş minlik böyük Olimpiya stadionu tikilir. Tofiq Bəhramov adına Respublika stadionunda təmir-bərpa işləri aparılır ki, Bakıda qızlar arasında keçiriləcək dünya çempionatına hazır olsun. Digər idman obyektləri inşa edilməkdədir. Böyük gimnastika kompleksi, Bakı “Kristal” idman-konsert kompleksi tikilir. Yəni bu sahəyə, həmişə olduğu kimi, böyük diqqət göstərilib. 2012-ci ildə həm ölkə daxilində olan hadisələr, həm olimpiya oyunlarına hazırlıq, olimpiya oyunlarının keçirilməsi nəzərdə tutulur.

Bütün bunları əsas gətirən dövlətimizin başçısı 2012-ci ilin İdman ili elan edilməsinin vacibliyini bəyan edərək, elə həmin gün də müvafiq sərəncam imzaladı.

Belə bir təşəbbüsün reallaşması, əlbəttə, böyük hadisədir. Axı, Azərbaycanın bir idman ölkəsi olması sözdə deyil, əldə edilən uğurlarda öz təsdiqini tapır. Son illər bu sahədə qazanılan nailiyyətləri, şübhəsiz ki, qazanılan medallar daha dəqiq əks etdirir. Elə il olmur ki, beynəlxalq yarışlarda qazanılan medalların sayı əvvəlki illə müqayisədə artmasın. Adicə bir faktı qeyd etmək lazımdır ki, yenicə başa vurduğumuz 2011-ci ildə, (yəni təkcə bir il ərzində) qazanılan medalların sayı 1992-1997-ci illərdə, (6 ildə) qazanılan medalların ümumi sayından 2 dəfə çoxdur.

Ötən il qazanılan nəticələri yüksək qiymətləndirərək, yeni başlayan ildə görüləcək işlərin çoxluğunu nəzərə çatdıran prezident nitqinin sonunda hamıdan fəallıq, fədakarlıq, vicdan və qələbə əzmi gözlədiyini bildirdi.
Azərbaycan Prezidenti olaraq cənab İlham Əliyev İdman ili elan etməklə həm də 2012-ci ildə bizlərin – idman ictimaiyyətinin hər bir nümayəndəsinin üzərinə böyük məsuliyyət qoymuş oldu. Çünki bu ili uğurla başa vurmaq üçün daha çox və daha məsuliyyətlə çalışmaq lazımdır. Sevindirici haldır ki, cənab İlham Əliyev, ölkə prezidenti kimi üzərimizə qoyduğu məsuliyyətli və şərəfli işi uğurla başa vurmağımızda həm dövlətimizin rəhbəri, həm də MOK prezidenti kimi, idmançılarımızın ən böyük himayədarı olaraq bizə ən böyük dəstəyi özü verəcək.

Ölkə prezidentinin bədən tərbiyəsi və idmana münasibəti artıq hər kəsə məlumdur. Olimpiya hərəkatı dövlətimizin başçısının birbaşa rəhbərlik etdiyi yeganə sahədir. Bu da təsadüfi deyil. Ötən ilin dekabrında Sumqayıt Olimpiya Kompleksinin açılış mərasimində prezidentin özünün də dediyi kimi, idman hər bir ölkənin inkişafı üçün çox vacib olan sahədir. Azərbaycanda idman uğurla inkişaf edir, dünyada idman ölkəsi kimi tanınırıq və idmançılarımızın qələbələri bizi ürəkdən sevindirir. “Azərbaycanın idman şöhrəti yüksək səviyyədədir” - deyən ölkə prezidenti yalnız peşəkar idmançılarımızın öz qələbələri ilə Azərbaycanın idman şöhrətini yüksəltmələri üçün nə edilmədiyini dəfələrlə bəyan edib. Bu sahədə kütləvilik əhalinin fiziki sağlamlığı və gənc nəslin sağlam yetişməsi baxımından da önəmini unutmur: gənclər həm fiziki cəhətdən sağlam olmalı, həm ölkə vətəndaşı kimi çox böyük mənəvi dəyərlərə malik olmalıdırlar.

Bu gün ölkəmiz dünyanın bəlkə də yeganə ölkəsidir ki, hər il ən azı 4-5 yeni olimpiya idman mərkəzi tikilib idmançıların istifadəsinə verilir. Bu idman komplekslərinin coğrafiyasına diqqət yetirsək, ölkəmizin bütün bölgələrini əhatə edən bu prosesin yerli iqlimə və idman növlərinin inkişaf tendensiyasına uyğun aparıldığını müşahidə etmək olar. Yəni hansı bölgədə, rayonda hansı idman növü üçün münbit şərait varsa, orada tikilən olimpiya kompleksinin təmayülü də əsasən həmin idman növlərinin inkişafına hesablanıb. Bu da, istər-istəməz, yaxın gələcəkdə öz nəticəsini idmanımızın inkişafında əks etdirəcək.

Bu il maddi-texniki bazanın zənginləşməsində indiyədək görünməmiş addımlar atılacaq. İl ərzində 10 (!) olimpiya kompleksinin inşası başa çatdırılacaq. Müqayisə üçün bildirim ki, ötən il 4 kompleks istifadəyə verilib ki, bununla da belə qurğuların sayı 33-ə çatıb.

Bu il doğurdan da idman ili kimi əlamətdar olacaq. Təkcə ona görə yox ki, Londonda olimpiya oyunları keçiriləcək və Azərbaycan idmançılarının tarixində ən böyük uğurları məhz orada qazanacağı gözlənilir. Bu il həm də Azərbaycan idman tarixi üçün əlamətdar olan bir sıra hadisələrin yubileyləri ilə zəngin olacaq. Milli Olimpiya Komitəsinin yaradılmasının 20 illiyi, Prezident İlham Əliyevin Azərbaycanda Olimpiya hərəkatına rəhbərliyinin 15-ci ildönümü, Azərbaycan idmançılarının ilk olimpiya medalı qazanmasının 60-cı ildönümü, Azərbaycan idman tarixinin ən böyük şahidi, idman salnaməmizin yazılmasında mühüm rol oynamış “İdman” qəzetinin 80 illik yubileyi və digər əlamətdar hadisələrlə zəngin olacaq.

Ölkəmiz beynəlxalq yarışların təşkilində də fəal olacaq. Baxmayaraq ki, olimpiya ilidir, 2012-də bir sıra nüfuzlu yarışlara ev sahibliyi edəcəyik.
Şübhəsiz ki, idman ili çərçivəsində müxtəlif tədbirlər həyata keçiriləcək və ilin yekunlarına həsr olunacaq toplantıda 2012-dəki uğurların hesabatı veriləcək. İndi isə prezident sərəncamının icrasına başlamaq və bu uğurlara doğru addımlamaq lazımdır. Bunun üçün nə lazım olduğunu isə dövlətimizin başçısı özü qeyd edib: fəallıq, fədakarlıq, vicdan və qələbə əzmi…

Elə isə, idman iliniz mübarək!

Xəbər 3411 dəfə oxundu.