Azərbaycan qrossmeysterləri oktyabr ayında Berlində keçiriləcək rapid və blits üzrə dünya çempionatlarında iştirak edəcəklər
Oktyabrın 9-dan 15-dək Berlində sürətli şahmat və blits üzrə dünya çempionatları keçiriləcək. Tədbiri “Aqon” şirkəti və Beynəlxalq Şahmat Federasiyası (FİDE) birgə təşkil edilir. Bu çempionatlarda Azərbaycan qrossmeysterləri də iştirak edəcəklər. Hər iki turnir İsveçrə sistemi üzrə keçiriləcək. 15 turdan ibarət olacaq rapid çempionatı üç gün ərzində, 21 turdan ibarət olacaq blits çempionatı isə iki gün ərzində başa çatacaq.

Çempionatda bu ilin yanvar-avqust aylarında reytinq göstəricisi 2500 və daha çox olan hər bir şahmatçı iştirak edə bilər. Bu halda FİDE-nin üç reytinq siyahısının hər biri (klassik şahmat, rapid və ya blits) nəzərə alınır. Çempionatlar həm də öz federasiyalarını təmsil edən bütün milli çempionların üzünə açıqdır. Hər iki turnirin ümumi mükafat fondu 400 min ABŞ dollarına bərabərdir.

Sürətli şahmat və blits üzrə dünya çempionatlarının əsasnaməsi FİDE-nin rəsmi saytında yerləşdirilib. Builki çempionatların əvvəlki illərdə keçirilmiş oxşar turnirlərdən əsas fərqi ondan ibarətdir ki, bu dəfə rapid və ildırım sürətli şahmat üzrə ən güclü iştirakçılar İsveçrə sistemi üzrə müəyyən ediləcəklər.

AZƏRTAC

Xəbər 668 dəfə oxundu.