"Qəbələ"nin baş məşqçisi Avropa Liqasının püşkünü dəyərləndirib
"Qrupumuzdakı bütün komandalar avtoritetli və güclüdürlər. Onların hər biri hörmətə layiqdirlər". "Qəbələ" futbol komandasının baş məşqçisi Roman Qriqorçuk deyib.

Ukraynalı mütəxəssis Avropa Liqasının C qrupunda "qırmızı-qaralar"ın rəqiblərini dəyərləndirib. O bildirib ki, Almaniyanın "Borussiya" (Dortmund), Yunanıstanın PAOK və Rusiyanın "Krasnodar" klubları barədə məlumat toplamaq problem deyil: "Hazırda şəxsən mənim üçün və bizə istənilən rəqib haqda informasiya toplamaq asandır. Necə məlumat toplamalı olduğumuzu da bilirik. Hər bir rəqib barədə tam məlumatlıyıq. Ona görə də bu sarıdan problemimiz yoxdur".

50 yaşlı mütəxəssis rəqiblərdən hansı ilə erkən qarşılaşmağın önəmli olmadığını da vurğulayıb. O, bütün rəqibləri səbirsizliklə gözlədiklərini bildirib: "Hazırda bütün diqqətimiz aralıq müddətdən yaxşı istifadə etməyə, durumumuzu yaxşılaşdırmağa, ustalığımızı artırmağa yönəlib. Ardından Bakı "İnter"i ilə Azərbaycan Premyer Liqasının IV tur matçına çıxacağıq. Yalnız bunlardan sonra Avroliqa barədə danışacağıq. Bizim üçün ilk turda kiminlə üz-üzə gəlməyin önəmi yoxdur. Onsuz da dekabradək hamısı ilə üz-üzə gələcəyik".

R.Qriqorçuk həmçinin transfer pəncərəsi bağlananadək daha bir futbolçu ilə güclənmək niyyətində olduqlarını diqqətə çatdırıb.

"Report"

Xəbər 723 dəfə oxundu.