Avroliqada Azərbaycanı təmsil edən “Qarabağ” və “Qəbələ” komandalarının rəqibləri müəyyənləşib
Avqustun 28-də Monakoda UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan klubların püşkatma mərasimi keçirilib.

Bununla da Avroliqada mübarizəni davam etdirən 48 komandanın yer aldığı qrupların tərkibi məlum olub. Bu klublar hər birində dörd komanda olan 12 qrupda mübarizə aparacaq.

Püşkatmanın nəticəsinə görə Azərbaycanı təmsil edən “Qarabağ” komandası “J” qrupunda “Tottenhem (İngiltərə), “Anderlext” (Belçika), “Monako” (Fransa), “Qəbələ” isə “C” qrupunda “Borussiya” (Dortmund, Almaniya), “PAOK” (Yunanıstan), “Krasnodar” (Rusiya) kollektivləri ilə qarşılaşacaq. Avropa Liqasının qrup mərhələsinin oyunları sentyabrın 17-də, oktyabrın 1-də və 22-də, noyabrın 5-də və 26-da, dekabrın 10-da keçiriləcək. Qruplarda ilk iki sırada yer alan komandalar növbəti mərhələyə vəsiqə qazanacaq.

UEFA Avropa Liqasının 2015-2016-cı il mövsümünün final qarşılaşması mayın 18-də İsveçrənin Bazel şəhərindəki “San-Yakob Park” stadionunda keçiriləcək.

Qeyd edək ki, hər iki komandamız dördüncü səbətdə yer almışdı. Bu isə püşkatma zamanı təmsilçilərimizin daha güclü klubların yer aldığı birinci, ikinci və üçüncü səbətlərdəki komandalara rəqib olacağını göstərirdi.

Ölkəmizi UEFA Çempionlar Liqasında mübarizəyə ikinci təsnifat mərhələsindən qoşulan “Qarabağ” həmin mərhələdə Monteneqronun “Rudar” komandasını yarışdan kənarlaşdırmışdı. Üçüncü təsnifat mərhələsində Şotlandiyanın “Seltik” komandasına məğlub olan Azərbaycan çempionu qitənin ən nüfuzlu klub turnirində pley-off mərhələsinə adlaya bilməmişdi. Beləliklə, Ağdamın “Qarabağ” komandası mübarizəni UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsində davam etdirmişdi.

Avroliqa yarışlarının pley-off mərhələsində Ağdam təmsilçisi İsveçrənin “Yanq Boyz” kollektivini üstələyərək tarixində ikinci dəfə turnirin qrup mərhələsinə yüksəlib.

Turnirə birinci təsnifat mərhələsindən qoşulan “Qəbələ” komandası isə Gürcüstanın “Dinamo”, Serbiyanın “Çukariçki”, Kiprin “Apollon” və Yunanıstanın “Panatinaikos” klublarını mübarizədən kənarlaşdıraraq tarixində ilk dəfə olaraq UEFA Avropa Liqası turnirinin qrup mərhələsinə vəsiqə qazanıb.

Xəbər 760 dəfə oxundu.