Roman Qriqorçuk: Rəqib aqressiv oynadı, biz isə hücumda yaxşı çıxış etmədik
"Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk Avropa Liqasının pley-off mərhələsi çərçivəsində Yunanıstanın "Panatinaikos" klubuna qarşı keçirdikləri cavab matçını şərh edib. Qəbələ klubunun çalışdırıcısı 2:2 hesabıyla (ilk oyun 0:0) başa çatan görüşdən sonra bunları söyləyib:

"Çılğın yunan azarkeşlərin oyunumuza təsir göstərəcəyini düşünmürdüm. Bu, bizim üçün problem deyildi. Rəqibin yaxşı azarkeşləri var. Amma biz bu oyuna yaxşı hazırlaşmışdıq və 90 dəqiqə ərzində diqqətli oynamağa çalışdıq. Qol vurandan sonra başa düşürsən ki, 1:0 sənə sərf etmir. Rəqib aqressiv oynayırdı. Biz isə hücumda elə də yaxşı oynamadıq".

UKraynalı mütəxəssis komandaya yeni transferlərin mümkünlüyündən də danışıb: "Biz də adlı-sanlı futbolçu transfer etmək istəyərdik. Onun gənc olması da arzuolunandır. Amma bu məqsəd deyil. Məsələn, bizdə 30 yaşlı Aleksey Qay var. O, meydanda çox böyük iş görür. Həm adı var, həm özü oynayır. Bilirik ki, qrup mərhələsində altı oyun keçirəcəyik. Üstəlik, çempionat və kubok oyunlarımız da olacaq".

Xəbər 689 dəfə oxundu.