"Fənərbaxça" və "Atletik" qrup mərhələsində
Bu gün Avropa Liqasında pley-off mərhələsinə yekun vurulub.

Baş tutacaq 22 oyundan sonra qrup mərhələsinin bütün iştirakçıları müəyyənləşib.

Çempionlar Liqasından fərqli olaraq Avropa Liqasının bütün oyunları eyni gündə keçirilib. Təmsilçilərimizdən "Qarabağ" öz meydanında "Yanq Boyz"la, "Qəbələ" isə səfərdə "Panatinaikos"la qarşılaşıb.

Rəqibinə 3:0 hesabı ilə qalib gələn "Qarabağ" ardıcıl ikinci dəfə qrup mərhələsində oynamaq hüququ qazanıb. "Qəbələ" isə səfərdə "Panatinaikos"la 2:2 bərabərə qalmaqla tarixi uğura imza atıb. Roman Qriqorçukun komandası tarixində ilk dəfə qrup mərhələsinə vəsiqə əldə edib.

Avropa Liqasının üçüncü təsnifat mərhələsində Bakı "İnter"ini mübarizədən kənarlaşdıran "Atletik" (Bilbao) evdə "Jilina"ya (Slovakiya) 1:0 hesabı ilə qalib gələrək qrup mərhələsinə adlayıb. Türkiyənin "Fənərbaxça" klubu isə "Atromitos" (Yunanıstan) klubunu mübarizədən kənarlaşdıraraq adını qrup mərhələsinə yazdırıb - 3:0.

Qeyd edək ki, Avropa Liqasında qrup mərhələsinin püşkü bu gün keçiriləcək.


Xəbər 744 dəfə oxundu.