Avroliqanın pley-off mərhələsində “Qarabağ” komandası evdə, “Qəbələ” isə səfərdə cavab oyunlarına çıxacaqlar
Avqustun 27-də futbol üzrə UEFA Avropa Liqası yarışlarının pley-off mərhələsi çərçivəsində cavab oyunları keçiriləcək.

Turnirdə ölkəmizi təmsil edən Ağdamın “Qarabağ” komandası evdə İsveçrənin “Yanq Boyz” klubunu qəbul edəcək.

Saat 21:00-da Tofiq Bəhramov adına Respublika stadionunda başlayacaq qarşılaşmanı litvalı hakimlər briqadası idarə edəcək. Matçın baş hakimi Qedminas Majeyka, yan xətt hakimləri isə onun həmyerliləri Vytautas Simkus və Vitenis Kazlauskas olacaqlar. Oyunda dördüncü hakim funksiyasını isə Sergejus Sliva yerinə yetirəcək. Matçın UEFA nümayəndəsi Styrbjörn Oskarsson (Finlandiya), hakim-inspektoru isə Miroslav Vitkovic (Xorvatiya) olacaqlar.

Berndəki “Stad de Syuiss” arenasında avqustun 20-də oynanılan ilk görüşdə Ağdam təmsilçisi “Yanq Boyz” komandasını 1:0 hesabı ilə məğlub edərək cavab oyunu üçün böyük üstünlük qazanmışdı.

Bu gün, həmçinin “Qəbələ” futbol komandası Avroliqa yarışlarının pley-off mərhələsi çərçivəsində səfərdə Yunanıstanın “Panatinaikos” klubunun qonağı olacaq.

Bakı vaxtı ilə saat 23:00-da Afinanın “Apostolos Nikolaidis” stadionunda start götürəcək matçı slovakiyalı hakimlər briqadası idarə edəcək. Matçın əsas hakimi İvan Krujlyak olacaq. Köməkçi hakim funksiyasını onun həmyerliləri Tomas Somolani, Tomas Mokoş və Peter Kralovic yerinə yetirəcəklər. Görüşün UEFA nümayəndəsi avstriyalı Volfqanq Tiyerixter, hakim-inspektoru isə ispaniyalı Manuel Mexuto Qonzalez olacaq.

Azərbaycan çempionatının bürünc mükafatçısının Bakıdakı “Bakcell Arena”da Yunanıstan komandası ilə ilk görüşü 0:0 hesabi ilə başa çatmışdı. Bu oyun həm də qəbələlilər üçün Avroliqada 10-cu qarşılaşma olacaq. Təmsilçimiz səfərdə qazanacağı istənilən hesablı qələbə və ya məhsuldar heç-heçə ilə qrup mərhələsinə qatılmağa vəsiqə əldə edə bilər.

Xəbər 777 dəfə oxundu.